Azərbaycan gömrükçüləri İrandan Niderlanda aparılan 228 kiloqram narkotik aşkar edib

Naxçıvan Muxtar Respublikasının gömrükçüləri Avropaya tranzitlə gedən iki yük avtomobilindən 228 kiloqramdan çox heroin götürüblər.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir ki, yük avtomobilləri Türkiyə vətəndaşlarına məxsus olub. Onlar İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Niderlanda un aparırmışlar.

Yük avtomobilləri Azərbaycanın Culfa gömrük məntəqəsində saxlanılıb. Gömrükçülər taxta paletlərdə gizlədilmiş narkotik maddələri aşkar edib.

Birinci yük avtomobilində 113 kiloqramdan çox heroin aşkar edilib, ikinci yük avtomobilində də bir o qədər heroin olub.

Faktla bağlı hər iki avtomobilin sürücüsünyə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 206-cı maddəsi (qaçaqmalçılıq) ilə cinayət işi başlanılıb.

Məlumatda saxlanılan şəxslərin adları açıqlanmır. Onların vəkilləri və yaxınları da hələ bu məlumata münasibət bildirməyib.