Avropa Şurası Nazirlər Komitəsi Avropa məhkəməsinin Azərbaycanla bağlı 7 qərarının icra durumunu müzakirə edir

Avropa Şurası Nazirlər Komitəsi

Avropa Şurası Nazirlər Komitəsi Avropa Məhkəməsinin (AİHM) qərarlarının icra durumunu müzakirə edir.

Bu barədə Amerikanın Səsinə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev deyib.

Onun sözlərinə görə, Strasburqda üç gün davam edəcək toplantının yekununda Nazirlər Komitəsi müzakirə edilən qərarların icra durumu ilə bağlı qətnamələrini elan edəcək.

Hüquqşünas deyir ki, AİHM-in Azərbaycanla bağlı 7 qərarı müzakirə edilən qərarlar arasındadır. Komitə icra durumu ilə bağlı qərarlarını sabah elan edəcək.

“İcra durumu müzakirə ediləcək qərarlar Albaniya, Ermənistan, Azərbaycan, Bosniya və Herseqovina, Bolqarıstan, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Litva, Malta, Polşa, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Türkiyə, Ukrayna və Böyük Britaniya ilə bağlıdır.”

Onun sözlərinə görə, AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 6 qərarın icrasına nəzarət edilir.

“Həmin qərarlar Anar Məmmədli, Əzizov və Novruzlu, İntiqam Əliyev, Qiyas İbrahimov, İlqar Məmmədov, Xədicə İsmayılova , Arif və Leyla Yunuslarla bağlıdır. Bu qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.

Sarqsyan Azərbaycana qarşı qərarı isə 1992-ci ildəki Dağlıq Qarabağ münaqişəsi zamanı məcburi köçkün düşən şəxslərin evlərinə və mülklərinə çıxışının mümkünsüzlüyü ilə əlaqəlidir,” o bildirib.

Xalid Ağalıyev hesab edir ki, qərarların icrasının yubanması da siyasidir.

“Bu işlərin hamısında 18-ci maddənin pozuntusu tanınıb, yəni, AİHM təsbit edib ki, həmin şəxslər siyasi səbəblərlə azadlqıdan məhrum ediliblər. Qərarların icrasının yubanması da siyasidir. Çünki hökumət həmin qərarların çıxarılmasından sonrakı 3 ayda işlərə yenidən baxılmasını təmin etməli idi, etmir, addım atmır,” o qeyd edib.

Avropa Şurası Nazirlər Komitəsinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına əlaqəli rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və əlaqəli digər tərəflərin təqdim etdiyi bilgilərə əsaslanaraq nəzarət edir.

Avropa Şurası Nazirlər Komitəsinin son bilgilərinə görə, indiyə qədər Avropa Məhkəməsinin Azərbaycanla bağlı 300-dən artıq qərarının icrası nəzarətə götürülüb. Həmin qərarlardan 44-nün icrasına nəzarət qapadılıb. 265 qərarın icrasına nəzarət davam etdirilir.

Bu qərarların icrasında problem ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti toplaşmaq azadlığı sahəsində qanunvericiliyi və praktikanı yaxşılaşdırmır. Bundan əlavə, bəzi ərizəçilərə kompensasiya ödənilməyib, ya da tam ödənilməyib.

Azərbaycan hakimiyyəti Avropa Şurası Nazirlər Komitəsinin qərarlarına hələ münasibət bildirməyib. Amma bir qayda olaraq, kompensasiyaların ödənildiyini deyirlər.

Amerikanın Səsinin ölkənin rəsmilərindən bununla bağlı şərh almaq cəhdi baş tutmayıb.