Milli fəal Məhəmməd Eyni Rəşt şəhərinin həbsxanasına göndərilib

Məhəmməd Eyni

İranın Gilan vilayətində siyasi fəal Məhəmməd Eyni təqribən 45 gün kəşfiyyat qurumunda nəzarətdə saxlanıldıqdan sonra vilayətin mərkəzi Rəşt şəhərinin həbsxanasına köçürülüb.

Məhəmməd Eyni keçən yanvar ayının 23-də İctimai Təhlükəsizlik və Kəşfiyyat Polisinə çağırıldıqdan sonra saxlanılmışdı. Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin bildirdiyinə görə, o tarixdən bəri fəalın ailəsi onunla bağlı dəqiq məlumat əldə edə bilmirdi.

İnsan haqları üzrə fəaliyyət göstərən “HRA” agentliyinə istinadən, milli fəal ailəsinə telefon edərək Rəşt həbsxanasına köçürüldüyünü bildirib.

Məhəmməd Eyni göstərdiyi fəaliyyətlər səbəbilə daha əvvəl də həbs və mühakiməyə məruz qalıb.

SEE ALSO: İranın Gilan vilayətində türk fəal Məhəmməd Eyni həbs edilib

O, 2020-ci ilin oktyabr ayında Qarabağ müharibəsi zamanı İran Azərbaycanında təşkil olunan aksiyalarla əlaqədar nəzarət altına alınıb və bir müddət sonra mülki zəmanət qarşılığında sərbəst buraxılmışdı.

Milli fəal daha sonra İnqilab Məhkəməsində “İslam Respublikası nizamına qarşı təbliğat” və “milli təhlükəsizliyi pozmaq yönündə fəaliyyət yürütmək” ittihamı ilə mühakimə edilib.