AXCP üzvlərinin saxlanıldığı deyilir

Polis əməkdaşları

Martın 6-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 20-yə yaxın üzvünü polisin saxladığı bildirilir.

Bu barədə Amerikanın Səsinə AXCP-dən bildiriblər.

Məlumata görə, Suraxanı rayonu ərazisində yerləşən kafelərin birində iclas zamanı polis binaya daxil olub, iştirak edənlərin hamısını saxlayıb, onlara fiziki təzyiq göstərib.

Bölmədə karantin rejiminin pozulması haqda protokol tərtib edilib, bundan sonra saxlanılanlar buraxılıb. Fəallara cərimələrin məbləğini söyləməyiblər.

AXCP-nin məlumatına Daxili İşlər Nazirliyindən hələ münasibət öyrənmək mümkün olmayıb.

Lakin nazirlik bir qayda olaraq hansısa şəxslərin polis orqanında təzyiqə məruz qalması ilə bağlı səsləndirilən iddiaların əsassız olduğunu bəyan edib.

Müxalifətdə olan AXCP-nin hazırda bir neçə fəalı müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir. Partiya fəallarının siyasi sifarişlə həbs edildiyni açıqlayıb.

Azərbaycanı rəsmiləri ölkədə siyasi sifarişlə həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.