Ukraynadan təxliyə edilən daha 201 nəfər Azərbaycana gətirilib

Those evacuated from Ukraine were brought to Azerbaijan

Bu gün Rumıniyanın Yassı hava limanından Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) təyyarəsi növbəti təxliyə reysi ilə Ukraynadakı müharibə nəticəsiundə bu ölkəni tərk edən daha 201 azərbaycanlını ölkəyə gətirib.

Bu barədə AZAL-ın mətbuat xidməti məlumat yayıb.

“AZAL hər gün həmvətənlərin ölkəyə gətirilməsi üçün təxliyə uçuşları həyata keçirir. Azərbaycan vətəndaşları üçün təxliyə reysləri ödənişsizdir. Ukraynanı tərk etmiş ölkəmizin vətəndaşları vətənə qayıtmaq üçün Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri ilə əlaqə saxlaya bilərlər,” məlumatda qeyd edilir.

Bundan öncə Ukraynadan təxliyə edilən 512 nəfər AZAL-ın təyyarələri vasitəsi ilə ölkəyə gətirilib

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva martın 2-də deyib ki, artıq dörd minə yaxın azərbaycanlının Ukrayna sərhədini keçməsi müşahidə edilib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşları Ukraynanı Moldova, Polşa, Slovakiya, Macarıstan, Rumıniya istiqamətlərindən tərk edə bilərlər.

Bundan əlavə Leyla Abdullayeva Ukraynada müharibə başlayandan 5 nəfər Azərbaycan vətəndaşının həlak olduğunu deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azərbaycanın Ukraynadakı səfirliyinin fəaliyyətini davam etdirdiyini bildirib. O, həmçinin deyib ki, Moldova və Polşadakı səfirliklərə əlavə diplomatlar ezam olunub.

“Yaxın günlərdə də azərbaycanlıların təxliyəsi ilə bağlı müvafiq addımlar atılacaq”, o qeyd edib.

Ukraynada nə qədər Azərbaycan vətəndaşının yaşaması barədə rəsmi statistika aparılmayıb. Azərbaycanlıların Ukraynadakı diaspor təşkilatlarının rəsmi təsdiqini tapmamış məlumatlarına görə, bu ölkədə beş yüz mindən çox azərbaycanlı yaşayır.

Vətəndaşların vizasız gediş-gəlişi barədə Ukrayna Nazirlər Kabineti və Azərbaycan Hökuməti arasında 14 fevral 2002-ci ildə Kyivdə imzalanmış Sazişə uyğun olaraq, Azərbaycan vətəndaşları daimi yaşama yerlərindən asılı olmayaraq, Ukraynada olma və ölkədə qeydiyyatla bağlı qüvvədə olan qanunvericiliyə əməl etməklə Ukraynaya vizasız daxil olmaq, tranzit, çıxış və qalma hüququna malikdirlər.

Azərbaycan vətəndaşları 180 gün müddətində Ukrayna ərazisində vizasız qala bilər.