Azərbaycanlılar Ukraynaya humanitar yardım göstərir

Azərbaycan xalqına minnətdarıq. Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlanğıcından etibarən azərbaycanlılardan bizə gündən-günə kömək gəlir. Hər gün Ukraynaya 2-3 yük maşını göndərilir. Bakıdan humanitar yardım daşıyan yük təyyarəsi göndəriblər. Bizə hər şey - dərman, su, ərzaq, geyim gətirirlər, səfirliyin saytında göstərilən bank hesabına pul köçürürlər"- deyə, Ukraynanın Azərbaycandakı diplomatik missiyasının əməkdaşı Turan-a bildirib. O, müharibəni və düşmən dövlətin səfirliyinin fəaliyyətinə olan diqqətini nəzərə alaraq, adının açıqlanmamasını istəyib.

Diplomatın sözlərinə görə, Ukraynaya yükü Polşa və Rumıniya üzərindən göndərmək mümkün olur.

"Logistika çox çətindir, indi hər şeyi deyə bilmirəm, bizi düz başa düşün" -deyə, o, səfirliyin Azərbaycan xalqına böyük minnətdarlığını bildirib.

Bakıda bir neçə ictimai təşkilatda və ticari firmada Azərbaycan vətəndaşlarından yardım toplanır. Onlardan biri Red Harts Kapital Bank qrupudur. Sevda Haqverdiyeva Kapital Bankın Azərbaycandakı bütün ofislərinin 400-dən çox işçisini birləşdirən bu qrupun rəhbəridir. İlk dəfə onlar 2020-ci ilin payızında Azərbaycanın Vətən Müharibəsində zərər çəkənlərə kömək etməyə başlayıblar. Haqverdiyevanın sözlərinə görə, həmin vaxt onlar bənzər təşkilatlar arasında rekord yardım məbləği - bir milyon yarım manat yığmışdılar.

"Ukrayna hadisələri başladıqda biz ukraynalılar üçün ianə yığmağa başladıq. Bu ölkənin səfirliyi pul yardımı qəbul etməkdən imtina etdiyinə görə qrup yığılan ilk məbləği - 1800 manatı dərman alınmasına xərcləyib. Ukrayna səfirliyi belə yardıma ehtiyac olduğunu bildirib, amma dərmanların Rusiya və Belarus istehsalı olmaması şərti qoşub. Hazırda ikinci məbləğ yığılır, biz bu məbləğə də dərman alıb Ukrayna səfirliyinə təhvil verəcəyik," Haqverdiyeva bildirib.

Ukraynanın humanitar yardımla yanaşı, bu ölkənin vəziyyətlə əlaqədar Azərbaycanda qalan turistlərinə köməyə də ehtiyacı var. Səfirlik əməkdaşının sözlərinə görə, Ukrayna vətəndaşlarının problemləri həll edilir, bunda da azərbaycanlılar fəal şəkildə iştirak edirlər.

Sosial şəbəkədə ukraynalı jurnalist Yuliya Nesteryakın mesajı var, o, ukraynalılardan yerdə yatdıqları üçün xəstələnən hərbiçilərə dərman göndərməyi xahiş edir.

Azərbaycanın Dövlət İcbari Sığorta Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Ukraynaya dərman və tibbi avadanlıq göndərib. Tibbi vəsaitlər daşıyan təyyarə fevralın 27-də Bakıdan yola düşüb.