Vladimir Putin: Bəyannamə Azərbaycanla münasibətlərimizin inkişafında yeni mərhələdir

Vladimir Putin and İlham Əliyev

Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 22-də Rusiya dövlətinin başçısı ilə təkbətək görüşü olub.

Görüşdən sonra Prezident Putin bildirib ki, bu gün iki ölkə Qarşılıqlı müttəfiqlik əlaqələri haqqında Bəyannamə imzalayır.

“Tamamilə aşkardır ki, bu, bizim münasibətlərimizin inkişafında yeni mərhələdir və şübhəsiz, bu, o cümlədən bütövlükdə hələ sona qədər nizamlanmamış, lakin həllində irəliləyiş əldə edilmiş Qarabağ münaqişəsinin tənzimlənməsinə nail olduqdan sonra mümkün olub,” o qeyd edib.

Həm Rusiya, həm də Azərbaycanın digər qonşuları regionda nəqliyyat kommunikasiyaları məsələlərinin həll edilməsində maraqlıdır.
Vladimir Putin, Rusiya Prezidenti

Vladimir Putin deyib ki, həm Rusiya, həm də Azərbaycanın digər qonşuları regionda nəqliyyat kommunikasiyaları məsələlərinin həll edilməsində maraqlıdır.

“Ticari-iqtisadi əlaqələrə gəldikdə, onlar durmadan inkişaf edir. Pandemiyaya baxmayaraq, keçən il bizdə əmtəə dövriyyəsi 16 faizdən çox artıb və bu, çox yaxşı göstəricidir,” Rusiya dövlət başçısı qeyd edib.

O, rus dilinin inkişafını dəstəklədiyinə görə prezident Əliyevə təşəkkür edib.

“Mən bilirəm ki, Azərbaycanın 300 məktəbində rus dili fəal öyrənilir, bu dil populyardır. Əlbəttə, biz bunu gələcəkdə də hər vasitə ilə dəstəkləyəcəyik.”

Putin Donbas və Luqanskı suverenliyinin tanınması haqqında danışarkən qeyd edib ki, Rusiyanın imperiya sərhədləri daxilində imperiyanı bərpa etməyə hazırlaşması mövzusunda spekulyasiyaları görür.

“Bu, əsla həqiqətə uyğun deyil. Sovet İttifaqı dağılandan sonra Rusiya bütün yeni geosiyasi reallıqları etiraf etdi və Sizin də bildiyiniz kimi, postsovet məkanında yaranmış bütün ölkələrlə, müstəqil dövlətlərlə bizim qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsi üzərində fəal iş aparır. Hətta məsələn, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kimi kəskin, çox kəskin vəziyyətlərdə də biz həmişə çox səliqəli hərəkət etmişik, bu prosesə cəlb edilmiş bütün dövlətlərin maraqlarını nəzərə almışıq və həmişə qarşılıqlı məqbul həllərə nail olmağa çalışmışıq,” o qeyd edib.

Təəssüflər olsun, üçüncü ölkələr tərəfindən Ukraynanın ərazisindən Rusiyaya qarşı təhdidlər yaratmaq üçün istifadə edilir. Məsələ yalnız bundadır,
Vladimir Putin, Rusiya Prezidenti

Putin Qazaxıstan hadisələrinə işarə edərək İlham Əliyevlə görüşdən öncə bu ölkənin prezidenti ilə söhbətini yada salıb.

“Fikrimcə, bu, Rusiyanın qonşularımızın suverenliyini yalnız dəstəklədiyini, onu hər vasitə ilə möhkəmləndirdiyini göstərən ikinci çox yaxşı nümunədir. Qazaxıstan nümunəsi də bizim məhz bu cür siyasətimizə dəlalət edir, onu təsdiq edir.”

O bu arada bir daha Ukrayna ilə bağlı məsələyə qayıdaraq deyib ki, Ukrayna ilə bağlı vəziyyət başqadır.

“Bu, onunla bağlıdır ki, təəssüflər olsun, üçüncü ölkələr tərəfindən bu ölkənin ərazisindən Rusiyaya qarşı təhdidlər yaratmaq üçün istifadə edilir. Məsələ yalnız bundadır,” prezident Putin qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, “Qarşılıqlı müttəfiqlik əlaqələri haqqında Bəyannamə” qarşılıqlı əlaqələri, həmçinin regional təhlükəsizlik üçün birmənalı olaraq çox müsbət əhəmiyyət kəsb edəcək.

“Qarşılıqlı müttəfiqlik haqqında Bəyannamənin imzalanması son illərdə bizim necə fəal işlədiyimizi və qarşılıqlı əməkdaşlığın potensialını artırmağımızı çox yaxşı illüstrasiya edir. Bu, sadəcə sözlər, sadəcə niyyətlər deyil, həm də konkret işlər olub. Biz ölkələrimiz arasında yaranmış dostluq, mehriban qonşuluq münasibətlərini çox yüksək qiymətləndirir, onları möhkəmləndiririk. Qarşılıqlı müttəfiqlik haqqında Bəyannamənin imzalanması son illərdə bizim necə fəal işlədiyimizi və qarşılıqlı əməkdaşlığın potensialını artırmağımızı çox yaxşı illüstrasiya edir. Bu, sadəcə sözlər, sadəcə niyyətlər deyil, həm də konkret işlər olub. Bəyannamə yetərincə genişdir. Onun 40-dan çox bəndi var. Bizim qarşılıqlı fəaliyyətimizin ən mühüm sahələrini əhatə edir və artıq dediyim kimi, bizim ikitərəfli münasibətlərin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edəcəkdir,” o qeyd edib.

Qarşılıqlı müttəfiqlik haqqında Bəyannamənin imzalanması son illərdə bizim necə fəal işlədiyimizi və qarşılıqlı əməkdaşlığın potensialını artırmağımızı çox yaxşı illüstrasiya edir. Bu, sadəcə sözlər, sadəcə niyyətlər deyil, həm də konkret işlər olub.
İlham Əliyev, Azərbaycan Prezidenti

İlham Əliyevin sözlərinə görə, iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi artıq 3 milyard dolları aşıb və 16 faiz artıb.

“Bu ildə də artım perspektivi var, yanvar ayının göstəriciləri buna dəlalət edir. Biz çoxsaylı konkret layihələri həyata keçiririk.”

Əliyev deyib ki, Azərbaycanda təhsil rus dilində olduğu 340-a yaxın məktəb var, bu məktəblərdə 140 mindən çox uşaq təhsil alır.

“Azərbaycanda 15 mindən çox vətəndaş ali məktəblərdə rus dili bölmələrində oxuyur. Mənim fikrimcə, bu, bizim münasibətlərimizin və gələcək əlaqələrimizin çox mühüm əsasıdır.”

Azərbaycan prezidenti bildirib ki, Rusiya Azərbaycan ilə Ermənistan arasında müharibənin dayandırılmasında və münaqişənin nizamlanmasının qaynar mərhələdən siyasi diplomatik sahəyə keçirilməsində çox mühüm rol oynayıb.

“Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, nəqliyyat kommunikasiyalarının açılması, normal qonşuluq münasibətlərinin qurulması üçün imkanlar yaradılması işində çox mühüm, mən deyərdim əsas rol oynayır. Biz bu rolu çox yüksək qiymətləndiririk. Ümidvarıq ki, erməni tərəfi də bizim kimi, öz tərəfindən 2020-ci ilin noyabrında imzalanmış Bəyanatın bütün bəndlərini yerinə yetirəcək,” o qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib ki, Rusiya ilə müttəfiqlik haqqında bəyannamə imzalamaqla Azərbaycan hakimiyyəti Türkiyə ilə müttəfiqlik haqda Şuşa Bəyannaməsini xeyli dərəcədə əhəmiyyətsizləşdirmiş olacaq.

“Azərbaycan hakimiyyəti Rusiya və Türkiyə ilə yenidən bərabər məsafədə dayanmaqla faktiki olaraq Şuşa bəyannaməsindən əvvəlki dövrə qayıtmış olacaq.
Əli Kərimli, AXCP sədri

“Azərbaycan hakimiyyəti Rusiya və Türkiyə ilə yenidən bərabər məsafədə dayanmaqla faktiki olaraq Şuşa bəyannaməsindən əvvəlki dövrə qayıtmış olacaq. Biz əlbəttə ki, Rusiya ilə münaqişə istəmirik. Onunla normal, qarşılıqlı faydalı münasibətlərdən yanayıq. Ancaq bu o demək deyil ki, Qarabağ üzərində suverenliyimizin bərpasına imkan verməyən, Azərbaycanın təbii strateji tərafdaşları olan Ukrayna və Gürcüstan ərazilərinin bir hissəsini işğal edən ölkə ilə biz rəsmi müttəfiq olmalıyıq.”

AXCP sədri hesab edir ki, Rusiya ilə elan olunacaq müttəfiqlik Azərbaycanın müstəqilliyinə təhlükəni, Rusiyanın Azərbaycanın suverenliyini məhdudlaşdırmaq imkanlarını artıracaq, Azərbaycanın özünün beynəlxalq aləmdən təcridini sürətləndirəcək, Azərbaycanın beynəlxalq əlaqələrinə zərər vuracaq.

“Elan olunacaq müttəfiqlik iki dövlətin yox, daha çox Rusiya və Azərbaycan hakimiyyətlərinin müttəfiqliyi olacaq. Xalqımız ərazi bütövlüyümüzə və milli müstəqilliyimizə yaranacaq daha ciddi təhlükələri dəf etməyə hazır olmalıdır,” o qeyd edib.

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü Elşad Mirbəşir oğlu Turan agentliyinə bildirib ki, Rusiya ilə Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır.

“Bunu Rusiya prezidenti bir neçə dəfə vurğulayıb. Postsovet ölkələri içərisində Azərbaycanın ən inkişaf etmiş münasibətlər sistemi məhz Rusiya ilədir,” o qeyd edib.

Deputat Rusiya Azərbaycanın başqa ölkələrlə münasibətlərinə narahatedici baxış sərgilədiyini düşünmür.

Azərbaycanın hər hansı ölkə ilə münasibətləri Rusiyanı hər hansı bir formada narahat etmir. Azərbaycanın bu gün xarici siyasətində dəstəklədiyi ən başlıca prinsip məhz qoşulmamadır.
Elşad Mirbəşir oğlu, Milli Məclisin deputatı

“Çünki biz dəfələrlə bəyan etmişik və davranışlarımızda nümayiş etdirmişik ki, Azərbaycanın başqa ölkələrlə münasibətlərini inkişaf etdirməsi heç bir halda digər ölkəyə və konkret olaraq Rusiyaya qarşı yönəlməyib. Avropa İttifaqına üzv olan ölkələrin üçdə biri ilə Azərbaycanın strateji tərəfdaşlıq anlaşması var. Heç bir halda Rusiya bu məsələ ilə bağlı öz narahatlığını bildirməyib.”

Rusiya-Ukrayna münasibətlərindəki gərginlik fonunda Azərbaycanın mövqeyinə gəldikdə isə Elşad Mirbəşir oğlunun fikrincə Azərbaycan Ukrayna ilə də kifayət qədər konstruktiv münasibətlər qurub.

“Azərbaycanın hər hansı ölkə ilə münasibətləri Rusiyanı hər hansı bir formada narahat etmir. Azərbaycanın bu gün xarici siyasətində dəstəklədiyi ən başlıca prinsip məhz qoşulmamadır. Azərbaycan həm də Qoşulmama Hərəkatının ən fəal üzvlərindən biridir. İki ölkə arasında gərginlik mövcuddursa düşünmürəm ki, Azərbaycan tərəflərin birini dəstəkləsin,” o qeyd edib.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə deyib ki, hələ 1997-ci ildə Azərbaycanla Rusiya arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanıb.

Ən azı Rusiyanın Ukrayna və Gürcüstana qarşı və Azərbaycana qarşı münasibətinin fərqini görmək lazımdır.
Tofiq Zülfüqarov, keçmiş xarici işlər naziri

“Həmin sənəddə bir çox mövzuları əhatə edən bəndlər var. O vaxtdan başlayaraq Azərbaycan-Rusiya əlaqələri müsbət istiqamətdə dəyişməyə başlayıb. O dövrdən başlayaraq Rusiyanın Azərbaycana münasibəti mənfidən müsbətə, Ermənistana münasibəti isə müsbətdən mənfiyə doğru dəyişib. Bizim bölgədə siyasi vəziyyətin dəyişməsi nəticəsində, ilk növbədə Türkiyənin fəal siyasəti və Türkiyənin müttəfiqlik siyasəti nəticəsində Rusiyanın mövqeyində olan dəyişklikdən sonra 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi.”

O hesab edir ki, Rusiya ilə yaxşı münasibətlər Azərbaycanda qalan problemləri sonadək həll etməyə əminlik yaratmalıdır.

“Ən azı Rusiyanın Ukrayna və Gürcüstana qarşı və Azərbaycana qarşı münasibətinin fərqini görmək lazımdır,” o qeyd edib.