UNICEF Əfqanıstan müəllimlərinə yardıma çağırır

UNICEF Əfqanıstanda yanvar və fevral ayları üçün bütün xalq təhsili müəllimləri üçün təcili pul dəstəyi elan edib və bildirib ki, bu addım bütün məktəbyaşlı qız və oğlanların təhsilə davam etməsinə imkan verəcək.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və hər müəllim üçün ayda 100 ABŞ dolları ekvivalenti olan ödənişdən ölkə üzrə altı aydır maaş almayan təxminən 194 000 kişi və qadın müəllim faydalanacaq.

UNICEF-in bəyanatında deyilir ki, agentlik və tərəfdaşlar Əfqanıstanda bu müəllimlərin dövlət məktəblərində oxuyan təxminən 8,8 milyon insanın təhsilində oynadıqları “həlledici rolu” qəbul edərək təşəbbüs göstəriblər.

"Bir çox müəllimlər üçün aylarla davam edən qeyri-müəyyənlik və çətinliklərdən sonra biz Əfqanıstanda uşaqların təhsilini davam etdirmək üçün səylərini əsirgəməyən dövlət məktəbləri müəllimlərinə təcili yardım göstərməkdən məmnunuq" - deyə, UNICEF-in ölkə nümayəndəsi Məhəmmədd Ayoya bildirib.

O, UNICEF-in dövlət məktəb müəllimlərini dəstəkləməkdə davam etmək üçün əlavə 250 milyon dollara ehtiyac duyduyduğunu deyib və donorları agentliyə təşəbbüsü maliyyələşdirməyə kömək etməyə çağırıb.

Avqustun ortalarında ölkəni hərbi yolla ələ keçirdikdən sonra Taliban qadınların səhiyyə və təhsil sahələrində işləməyə davam etməsinə icazə verib, qadınların təhsil alması üçün özəl və dövlət universitetləri açıb.

Yeni islamçı hökmdarlar ləngimələri maliyyə məhdudiyyətləri və qız tələbələrin İslam şəriət qanunlarına uyğun olaraq dərsləri bərpa etməsini təmin etmək üçün lazım olan vaxta görə günahlandıraraq, bütün qızların martın sonuna qədər məktəbə qayıtmasına icazə verəcəyini vəd ediblər.

Yardım agentlikləri deyirlər ki, keçən il Taliban hakimiyyəti ələ keçirdikdən və ABŞ-ın başçılıq etdiyi beynəlxalq qüvvələr ölkədən geri çəkildikdən sonra müharibədən əziyyət çəkən Əfqanıstanda humanitar ehtiyaclar kəskin şəkildə artıb.

Birləşmiş Ştatlar və digər Qərb dövlətləri Əfqanıstana qeyri-humanitar maliyyə yardımını dayandırıb ki, bu da ölkənin ümumi daxili məhsulunun 40%-ni təşkil edirdi və Talibanın əsasən ABŞ-da saxlanılan Əfqanıstan mərkəzi bankının milyardlarla dollar ehtiyatlarına çıxışını əngəlləyir.

Məhdudiyyətlər kövrək Əfqanıstan iqtisadiyyatını dağılma həddinə çatdıraraq, illərlə davam edən müharibə və təbii fəlakətlərdən qaynaqlanan humanitar böhranı daha da ağırlaşdırıb.

Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edir ki, 23 milyona yaxın insan - yoxsulluqdan əziyyət çəkən ölkə əhalisinin təxminən 55%-i - həddindən artıq aclıqla üzləşib, 9 milyona yaxın insan isə aclığın bir addımlığındadır.

ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Tomas Vest şənbə günü Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən deyib ki, Vaşinqton həm də əfqan qızların gələn ay məktəblərə qayıtmasının təmin edilməsində öz rolunu oynayır.

"Bizim Dünya Bankı qarşısında müəllimlərin təqaüdünə, kitablara d, binaların təmirinə dəstək və sair üçün təxminən 180 milyon dollar ayırmaq təklifimiz var" deyib.