Etiraz edən sürücülər inzibati həbs edilib, sahibkar barədə isə həbs qətimkan tədbiri seçilib

Truck drivers closed the main highway in Baku in protest

Bu gün, fevralın 18-də Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə etiraz olaraq magistral yolu bağlayan yük avtomobillərinin sürücüləri Mirələm Məmmədov və Elvin Məlikov 30 sutka inzibati həbsə məhkum edilib. Digər sürücü Bəxtiyar Məmmədov isə yaşı və səhhətinə görə məsuliyyətə cəlb edilməyib.

Məhkəmə cinayət işi üzrə təqsirləndirilən sahibkar Rəmiş Cəfərov barəsində 2 ay həbs qəti imkan tədbiri seçib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi bildirib ki, fakta görə Cinayət Məcəlləsinin 233-cü maddəsi (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb.

Fevralın 17-də səhər saatlarında dörd yük avtomobilinin sürücüləri Heydər Əliyev prospektini bağlayıb, nəticədə Bakının ən böyük avtomobil magistralında tıxac yaranıb.

Sürücülər Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən onlara icazə sənədlərinin verilməməsinə etiraz edib.

Yük avtomobillərindən birinin üzərinə yazılıb: "Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev, icazə vərəqələrini verin. Məhsullarımız xarab olmaq üzrədir, müflis olmuşuq”.

Bir müddət sonra Dövlət Yol Polisinin həyata keçirdiyi tədbirlər nəticəsində yol açılıb.

Etiraz edən avtomobillər "R Qpup Azerbaijan" Karqo Şirkətinə məxsus olub. Şirkətin Mətbuat xidmətinin rəhbəri Rəşad Borcəli Amerikanın Səsinə deyib ki, etirazlarına səbəb R-Qrup Karqo şirkətinə beynəlxalq daşımalar üçün yol vərəqinin verilməməsidir.

“Bunlar şəxsi-qərəzliklə bizim şirkətə cəmi iki yol vərəqi verib. Amma elə şirkətlər var ki, tanışlıqla, qohumluq əlaqələri ilə 200-dən çox beynəlxalq daşımalar üçün yol vərəqi verirlər. Yol vərəqinin dövlət rüsumu 20 manat olduğu halda bunlar 300 manat tələb edirlər,” o qeyd edib.

Rəşad Borcəli deyib ki, “R Qrup Azerbaijan” Karqo şirkəti Rusiya bazarına ət və ət məhsulları daşıyır.

“Bu məhsullar dörd gün ərzində satılmalıdır. Lakin yol vərəqi vermirlər. Bu da hər yük avtomobilində 52 min manat ziyan deməkdir. Bizim şirkət bu qədər ziyanı niyə ödəməlidir?” o qeyd edib.

Öz növbəsində, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi deyilənləri təkzib edib. Əksinə yol vərəqlərinin verilməsində neqativ halların aradan qaldırldığını, qayda-qanun yaradıldığını bildirib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib ki, ötən ilin iyun ayından Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) beynəlxalq daşıma icazələrinin bölüşdürülməsini yeni, şəffaf mexanizmin tətbiqi ilə həyata keçirir.