ABŞ Polşaya 250 ədəd M1-Abrams tankı satmağa hazırlaşır

ABŞ rəsmilərinin bildirdiyinə görə, ABŞ Rusiya ilə Ukrayna məsələsində gərginliyin artdığı bir vaxt ölkənin təhlükəsizliyini artırmaq üçün Polşaya 250 M1-Abrams döyüş tankı satacaq.

Müdafiə naziri Lloyd Austin cümə günü Varşavada jurnalistlərə deyib ki, o və dövlət katibi Antoni Blinken Konqresə tankların satılması barədə məlumat verib.

"Bu tankların çatdırılma müddəti hazırda müzakirə olunur" - deyə, Austin bildirib.

Polşa keçən yay təxminən 6 milyard dollarlıq müqavilə çərçivəsində ABŞ-dan tanklar almağı planlaşdırdığını açıqlasa da, gecikmələr davam edib.

ABŞ müdafiə naziri Lloyd Ostin

Austin deyib ki, Polşa tərəfinin tankları satın alması NATO alyansı daxilində müdafiə məsuliyyətlərinin "daha ədalətli bölüşdürülməsini" təmin etməyə yardım edəcək.

Austin Rusiya Ukraynaya müdaxilə edərsə, ABŞ-ın cavab verməyə hazır olan əlavə 4700 əsgərini qəbul etdiyi üçün Polşaya təşəkkür edib. Prezident Co Baydenin bu ayın əvvəlində əlavə ordu yerləşdirmə əmrindən bəri Polşada hazırda 9 minlə -10 min arasında Amerika əsgəri var.

Bayden cümə axşamı Rusiyanın yaxın bir neçə gün ərzində Ukraynaya müdaxilə etməsi ehtimalının "çox yüksək" olduğunu deyib.

"Bizim onların müdaxilə etmələri üçün bir bəhanələrinin olduğuna, saxta bayraq əməliyyatı ilə məşğul olduqlarına inanmaq üçün əsaslarımız var. Bizdə olan əlamətlər onların Ukraynaya girməyə, Ukraynaya hücum etməyə hazır olduqlarını göstərir" - deyə, Bayden Ağ Evdə jurnalistlərə bildirib.

"Mənim fikrimcə, bu, yaxın bir neçə gün ərzində baş verəcək" - deyə, əlavə edib.

Bunlarla yanaşı Bayden deyib ki, o, Rusiyanın NATO-nun raketləri və Şərqi Avropadakı hərbi təlimləri ilə bağlı narahatlığını azaldacaq diplomatik həll yolu tapmağın mümkün olduğuna inanır.

Qərb müttəfiqləri Rusiyanın NATO-nun Ukrayna və digər keçmiş Sovet respublikalarının üzvlük ehtimalını istisna etməsi ilə bağlı əsas tələbini rədd edib.

ABŞ dövlət katibi Antoni Blinken daha sonra BMT-nin Təhlükəsizlik Şurasında Baydenin dediklərini təkrarlayaraq, dünyanın bir neçə gün ərzində Rusiyanın Ukraynaya hücumunu görə biləcəyini və kəşfiyyat məlumatlarının buna səbəb kimi uydurulmuş bəhanələrin göstərilə biləcəyini deyib.

Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, Blinken BMT Təhlükəsizlik Şurasındakı çıxışında qeyd edib ki, biz bu böhranın yeganə həll yolunun diplomatiya və dialoqdan ibarət olduğuna inandığımız üçün o, [Rusiya] xarici işlər naziri Lavrovla gələn həftə Avropada görüşməyi təklif edib."

Bu arada isə Moskva ABŞ-ın Rusiyadakı iki nömrəli diplomatını ölkədən qovub.

Dövlət Departamenti bildirib ki, Moskvadakı missiya rəhbərinin müavini Bart Qormanın ölkədən çıxarılması “ səbəbsiz olub və biz bunu eskalasiya addımı hesab edirik və cavabımızı nəzərdən keçiririk.”