Almaniyada mühacirlər “Siyasi fəalları diktator rejimlərinin qurbanına çevirməyin" şüarı ilə aksiya keçirib

Almaniyada yaşayan azərbaycanlı siyasi mühacirlər fevralın 17-də Gelsenkirchen İnzibati Məhkəməsinin və Recklinghausen Şəhəri Əcnəbilərlə İş İdarəsinin önündə etiraz aksiyası keçiriblər.

DAS ("Demokratik Azərbaycanı Seç") təşkilatının nümayəndəsi və aksiyanın təşəbbüskarlarından olan Alış Abdullayev bildirib ki, aksiya "Siyasi fəalları diktator rejimlərinin qurbanına çevirməyin!" şüarı altında keçirilib.

Onun sözlərinə görə, aksiya iştirakçıları 2021-ci il noyabrın 25-də Almaniyadan deportasiya olunmuş DAS üzvü Cəfər Mirzəyevin bu il yanvarın 27-də Azərbaycanda həbs edilməsinə etiraz ediblər. O, böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunub. Mirzəyev saxlanıldıqdan sonra işgəncəyə məruz qalıb və onu 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Abdullayevin sözlərinə görə, Mirzəyev DAS təşkilatının bütün etiraz aksiyalarında iştirak edib, Azərbaycandakı siyasi rejimi kəskin tənqidə məruz qoyub.

Aksiyanın digər iştirakçısı - Nurlan Rəsulov bildirib ki, Almaniyadan deportasiya edilmiş digər siyasi fəallar - Məlik Rzayev, Mütəllim Orucov və Pünhan Kərimli də narkotik ticarətində ittiham olunub. Bu, onların hamısının Azərbaycan hakimiyyətini tənqid etdiklərinə görə siyasi motivlərlə həbs edildiyini təsdiq edir.

"Fəalların həbsi və onlara işgəncə verilməsi Azərbaycanda insan hüquqlarının pozulmasını bir daha təsdiq etməklə yanaşı, Almaniya hökumətinin beynəlxalq öhdəlikləri ilə əlaqədar məsuliyyət daşıdığını da göstərir," Rəsulov bildirib.

Belə ki, BMT Baş Assambleyasının 39/46 saylı qətnaməsi ilə qəbul edilmiş İşgəncələrə Qarşı Konvensiyaya əsasən, iştirakçı dövlət hər hansı şəxsi işgəncə veriləcəyini ehtimal etməyə ciddi əsaslar olan başqa bir dövlətə sürgün etməməli, qaytarmamalı və ya təhvil verməməlidir.

Aksiyanın digər iştirakçısı, DAS təşiklatının üzvü Rövşən Cabbarovun sözlərinə görə, aksiyanın sonunda mitinq iştirakçılarının müraciəti həm Gelsenkirchen İnzibati Məhkəməsinə və Recklinghausen Şəhəri Əcnəbilərlə İş idarəsinə təqdim edilib.

Aksiya iştirakçıları hesab edirlər ki, Almaniya Xarici İşlər Nazirliyi insan hüquqları məsələsinə diqqəti artırmalı və Azərbaycanda həbs edilmiş siyasi mühacirlərin azad edilməsi üzrə tədbirlər görməli, bu məqsədlə Bakıya təzyiq göstərməlidir.

Almaniyanın Azərbaycandakı Səfirliyi bir neçə gün öncə Almaniyadan readmissiya üzrə Azərbaycana qayıdan fəalların həbsi ilə bağlı Amerikanın Səsinin sorğusuna aşağıdakı cavabı verib: “Bu məsələlər Səfirliyə məlumdur. Biz bu kimi hadisələrin gedişatını diqqətlə izləyirik və bizim Azərbaycan hökuməti ilə müxtəlif danışıqlarımız çərçivəsində insan haqları məsələləri ilə bağlı da həmçinin müntəzəm olaraq əlaqə saxlayırıq.”

“Azərbaycan ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş 2014-cü ilin fevralında imzalanıb. Bundan sonra 2016-cı ilin dekabrında Azərbaycanda readmissiya edilmiş şəxslərin üzləşdikləri çətinlik və problemlərin operativ həlli, cəmiyyətə reinteqrasiyası işinin səmərəli təşkili məqsədi ilə Reinteqrasiya İşçi Qrupu yaradılıb.

Azərbaycan Miqrasiya Xidmətindən readmissiya olunan fəalların həbsi ilə bağlı şərh almaq mümkün olmasa da, Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2021-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, ötən il 420 şəxs Azərbaycana readmissiya olunub və onların cəmiyyətə reinteqrasiyası məqsədi ilə lazımi tədbirlər görülüb.

Bununla yanaşı Almaniyadan readmissiya üzrə qayıdan Pünhan Kərimli yanvarın 25-də saxlanılıb və onun barəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Nemət Kərimli Almaniyadan readmissiya üzrə qayıtdıqdan sonra narkotik ittihamı üzrə həbsə alınan Mütəllim Orucov, Malik Rzayev, Cəfər Mirzəyevin vəkilidir. Mütəllim Orucov, Malik Rzayev 2021-ci il iyunun 1-də, Cəfər Mirzəyev isə 2021-ci il noyabrın 24-də Almaniyadan deportasiya olunub.

Kərimlinin sözlərinə görə, müdafiə etdiyi şəxslər readmissiya olunduqdan sonra pandemiya səbəbindən karantin məqsədi ilə Bakıda Atletlər Kəndinə yerləşdirilib və mülki geyimli şəxslər tərəfindən sorğu-sual edilib, Almaniyadakı fəaliyyətləri barədə soruşulub.

Hüquq müdafiəçisi Zaur Əkbər Amerikanın Səsinə deyib ki, Azərbaycan hökuməti readmissiya haqqında sazişdəki öhdəliklərini yerinə yetirsə də, bir sıra hallarda sui-istifadə edir.

Hüquq müdafiəçisi hesab edir ki, readmissiya olunan şəxslərin həbsi ilə bağlı Avropa İttifaqı və xüsusilə Almaniya hökuməti münasibət bildirməlidir.