Azərbaycanda mina partlaması nəticəsində iki mülki şəxs xəsarət alıb

Foto ANAMA Facebook səhifəsindən götürülmüşdür.

Cümə günü Tərtər rayonunda (Bakıdan 324 kilometr qərb) mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Amerikanın Səsinə bildiriblər ki, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib.

Partrlayış nəticəsində Alışan Səfərov və Faiq Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azərbaycan Baş Prokurorluğu bildirir ki, partlayış fevralın 18-də Tərtər rayonunun Çaylı kəndi ərazisində təmir işləri aparılan zaman baş verib.

Xəsarət alanların ikisi də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarıdır.

Rəsmi məlumatlara görə, Ermənistan və Azərbaycan arasında 30 illik münaqişədə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli bəyanatdan sonra həmin ərazilərdə minaya düşmələri nəticəsində 25 mülki şəxs, 7 hərbi qulluqçu həlak olub, 97 hərbi qulluqçu, 44 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rəsmi statistikaya görə, ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2,439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, bu ərazilərdə yüz minlərlə mina var.

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, 2021-ci il ərzində Azərbaycanda ümumilikdə 20165 hektar ərazi təmizlənib, 41503 ədəd mina və partlamamış hərbi sursat aşkar edilib.

Onun sözlərinə görə, ötən ilin yekunlarında 6000 hektar ərazinin təmizlənmə öhdəliyi qarşısında, ANAMA-nın minaaxtaranları 6201 hektar ərazini mina və partlamamış hərbi sursatlardan (PHS) təmizləyərək aidiyyəti üzrə təhvil verib.

“Nəticədə, 4880 ədəd piyada əleyhinə mina, 2335 ədəd tank əleyhinə mina və 11205 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib,” o, qeyd edib.