Braziliyada baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 94-ə çatıb

Braziliya rəsmilərinin bildirdiyinə görə, Rio-de-Janeyrodan şimalda yerləşən Petropolis şəhərində leysan yağışlar nəticəsində baş verən torpaq sürüşmələri azı 94 nəfərin ölümünə səbəb olub.

Leysan yağışları Rio-de-Janeyrodan 68 kilometr aralıda, dağda yerləşən şəhərin küçələrini çaya çevirib, dağlıq məhəllələrdəki evləri dağıdıb və avtomobilləri süpürüb aparıb. Rəsmilər 80-ə yaxın evin dağıldığını bildirib.

Petropolis meri Rubens Bomtempo jurnalistlərə bildirib ki, xilasedicilər və könüllülər dağıntılar arasında axtarışi davam etdirdiyi üçün ölənlərin sayı daha çox ola bilər. Rəsmilər 21 nəfərin sağ tapıldığını bildirib.

Yerli meteorologiya agentliyi MetSul Petropolisin bəzi hissələrinin altı saatdan az müddətdə bir ay üçün nəzərdə tutulduğundan çox - təxminən 26 santimetr yağış yağdığını bildirib.

Çərşənbə günü verdiyi açıqlamada Rio-de-Janeyronun Yanğından Mühafizə İdarəsi hadisə yerində 180-dən çox yanğınsöndürən, əsgər və digər xilasedicilərin olduğunu və palçığı altında sağ qalanları xilas etməyə çalışdıqlarını bildirib. Sosial mediada paylaşılan videoda böyük ziyanın olduğunu və avtomobillərin küçələrdə üzdüyünü görmək olub.

Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfəri gözlənilən Prezident Jair Bolsonaro özünün tvitter səhifəsində şəhərə yardım çatdırmaq üçün regional inkişaf naziri Rogerio Marino və iqtisadiyyat naziri Paulo Gedeslə danışdığını bildirib.

Dekabr ayından bəri güclü yağışlar Braziliyanın şimal-şərqində və Sao Paulo vilayətində ölümcül daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Yağışlar orta-qərb bölgəsində məhsul yığımının gecikməsinə və Minas-Gerais vilayətində mədən işlərinin qısa müddətə dayandırılmasına səbəb olub.

Rəsmilər evlərini tərk edən 400-ə yaxın insanın çoxunu məktəblərdə yerləşdirilib. Xeyriyyə təşkilatları qurbanlar üçün döşək, ədyal, yemək, su, geyim və üz maskaları ianə etməyə çağırıb.