Ruzbeh Piri Təbriz Mərkəzi Həbsxanasına yerləşdirilib

Təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Ruzbeh Piri Təbriz Mərkəzi Həbsxanasından ailəsi ilə telefon əlaqəsi qurub.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Ruzbeh Piri ailəsi ilə qurduğu telefon əlaqəsində Təbriz Mərkəzi Həbsxanasının 15-ci bölməsinə yerləşdirildiyini deyib.

Günaz TV saytı bu barədə məlumat yayaraq, "15-ci bölmənin narkotlar və zorakı cinayətlərdən məhkumların saxlanıldığ bölmə" olduğunu qeyd edib. İran qanunlarına görə, həbsxanalarda məhbusların cinayətlərə görə ayrı bölmələrdə tutulması vurğulansa da, məhkəmələr bir çox vicdan və siyasi məhbusları təhlükəsizlik suçundan günahkar tanıyıb, digər məhbuslarla bir kateqoriyaya alır. Həbsxanalar isə bu məhkumları təhlükəsizlik məhbusu ünvanı altında digər zorakı cinayətlərdən məhkum olan şəxslərlə bir bölmələrə yerləşdirir.

Fevralın 12-də təhlükəsizlik qüvvələri tərəfindən atası evində həbs edilən güneyli fəal daha öncə məhkəmə tərəfindən aldığı 3 il 8 ay həbs hökmünün tətbiq edilməsi üzrə həbsxanaya yerləşdirilib.
İlkin məhkəmə Rubeh Prini "hökumətə qarşı qruplara üzv olmaq" və "sistemə qarşı təbliğat aparmaq" ittihamlarından günahkar tanıyıb cəmi 6 il həbsə məhkum etmişdi. Apellyasiya Məhkəməsi son zamanlarda türk fəalın vəkilinə şifahi şəkildə cəzanın 3 il 8 aya endirildiyini bildirmişdi.
Ruzbeh Piri sabiq tələbə fəalıdır və dəfələrlə dinc fəaliyyətlərindən dolayı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq dindirilib və məhkəmə tərəfindən fərqli cəzalara məhkum edilib.