Daha 17 ölkənin vətəndaşlarının hava yolu ilə Azərbaycana giriş-çıxışına icazə verilib.
Baş nazir Əli Əsədov imzaladığı qərara əsasən Albaniya, Dominikan, Filippin, Gürcüstan, Hindistan, İndoneziya, İran, Kolumbiya, Moldova, Özbəkistan, Pakistan, Peru, Tacikistan, Tailand, Tunis, Türkmənistan, Venesuela vətəndaşları hava nəqliyyatı vasitəsilə Azərbaycan daxil olub, geriyə qayıda biləcək.
Bundan öncə Baş nazir Əli Əsədov ABŞ, Bahreyn, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniya, Rusiya və digər ölkələrin vətəndaşlarının da hava nəqliyyatı vasitəsi ilə ölkəyə girişinə və çıxışına icazə verilməsi barədə qərar qəbul edib.
Qərarda deyilir ki, adları sadalanan ölkələrin vətəndaşlarının aşağıdakı tələblər nəzərə alınmaqla Azərbaycana giriş-çıxışına icazə verilir:
- yaşı 18-dən yuxarı olan şəxslərə münasibətdə – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;
- 1–18 yaş arasında olan şəxslərə münasibətdə – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;
Həmin şəxslər Azərbaycanı tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur.
Yeni qərarla Birləşmiş Millətlər Təşkilatının (BMT) icazə sənədi pasportu olan şəxslərin Azərbayacana giriş-çıxışına da icazə veriləcək.
Qeyd edək ki, indiyə qədər Azərbaycanın vətəndaşlarına, həmçinin diplomatik pasport sahiblərinə, Azərbaycanda xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərlərinə, əməkdaşlarına və onların ailə üzvlərinə, Azərbaycanda iş icazəsi olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq təsdiqedici sənədlər və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında hava nəqliyyatı vasitəsilə Azərbayacana giriş-çıxışına icazə verilirdi.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Koronavirus aşkarlanandan sonra ölkənin quru, hava və dəniz yolları insanlar üçün bağlanıb. Yalnız xüsusi hallarda insanların quru yolu və hava ilə ölkəyə girişinə icazə verilib.
Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.