Ekspert: Ukrayna böhranında Azərbaycan Türkiyə ilə birgə Qərbin yanında olacaq

İlham Əliyev və Yens Stoltenberq

Fevralın 15-də NATO-nun Baş katibi Yens Stoltenberqlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı zamanı Azərbaycan-NATO əlaqələri, dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılıb.

Yens Stoltenberq və İlham Əliyev arasında telefon danışığı

Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində yayılan məlumata görə, telefon danışığı əsnasında Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyəti, Ukrayna ətrafında cərəyan edən proseslərə və dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılıb.

NATO-nun Baş katibi Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib.

Prezident İlham Əliyev Azərbaycanın enerji məhsulu növlərinin önəmli ixracatçısı kimi etibarlı tərəfdaş olaraq qalmaqda davam edəcəyini diqqətə çatdırıb.

Azərbaycan - NATO məsləhətləşmələri olub

Azərbaycan-NATO əlaqələri

Azərbaycan ilə NATO arasında əməkdaşlığın təməli 1992-ci ilin mart ayında qoyulub və 1997-ci ildən etibarən, Avro-Atlantik Tərəfdaşlıq Şurası kimi tanınan Şimali Atlantik Əməkdaşlıq Şurasının məşvərət forumuna daxil olması ilə başlayıb.

4 may 1994-cü ildə Azərbaycan NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramına qoşulub.

Azərbaycan Müdafiə Nazirliyi NATO ilə əməkdaşlıq çərçivəsində SNT proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifələri, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və NATO-nun digər əhəmiyyətli tərəfdaşlıq mexanizmlərindən istifadə edir.

Müdafiə Nazirliyi bildirir ki, bu mexanizmlərdən istifadə edərək, strateji sənədlərin işlənib hazırlanması, hərbi təlim və tədrisdə müasir standartların tətbiqi, Sülhməramlı Qüvvələrin hazırlığı, şəxsi heyətin idarə olunması, dəniz təhlükəsizliyi, maddi-texniki təminat, təcrübələrin öyrənilməsi, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi, “sahib ölkə dəstəyi” və hava məkanına nəzarət sahələrində müvafiq islahatlar çərçivəsində fəaliyyətlər həyata keçirir.

Sülhəddin Əkbər

Sülhəddin Əkbər: NATO-Azərbaycan münasibətlərində Rusiya və Çin faktoru nəzərə alınmalıdır

Azərbaycan-Atlantik Əməkdaşlıq Assosiasiyasının rəhbəri Sülhəddin Əkbər Amerikanın Səsinə bildirib ki, NATO-Azərbaycan əməkdaşlığına qlobal, regional və lokal səviyyədə baxmaq lazımdır.

Your browser doesn’t support HTML5

Sülhəddin Əkbər: NATO-Azərbaycan münasibətlərində Rusiya və Çin faktoru nəzərə alınmalıdır

“Üç səviyyədən baxsaq, görərik ki, həm qlobal, həm də regional səviyyədə yeni dünya nizamı quruculuğu və onunla bağlı geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub. Bu proses Avrasiyada iki regionda düyünlənib. Avropa hissəsində Ukrayna və onun ətrafında, Asiya hissəsində isə Tayvan məsələsi və onun ətrafında düyünlənib. Birinci məsələ geopolitik alanda Rusiya ilə, ikinci məsələ isə Çinlə bağlıdır. Nəzərə alsaq ki, yeni dünya nizamı quruculuğuna Amerika rəhbərlik etmək istəyir, onun da strateji rəqibi Çindir, hərbi təhlükəsizlik sahəsində isə öncəlikli təhdid hesab etdiyi Rusiyadır.”

Ekspert hesab edir ki, NATO-Azərbaycan münasibətlərini dəyərləndirərkən mütləq Rusiya və Çin faktoru nəzərə alınmalıdır.

Azərbaycan həm hərbi təhlükəsizlik, logistika baxımından, həm də Avropanın enerji təhlükəsizliyi baxımından NATO üçün maraqlıdır.
Sülhəddin Əkbər, ekspert

“Rusiya faktoruna görə Azərbaycan postsovet məkanında yerləşən bir ölkədir və Rusiyanın yeni imperialist siyasətinin hədəflərindən biridir. Çin faktorundan baxdıqda isə Azərbaycan Çinin “bir kəmər-bir yol” qlobal layihəsinin orta dəhlizinin üzərində yerləşir. ”

Sülhəddin Əkbərin fikrincə, NATO Baş katibinin Azərbaycan prezidenti ilə telefon danışığı Ukrayna ətrafında böhranın yarandığı dövrə təsadüf edir.

“Azərbaycan prezidenti ilə bu telefon danışığı yəqin ki, Azərbaycanın bir sıra məsələlərdə mövqeyinin dəqiqləşdirilməsi baxımından əhəmiyyətlidir. Birincisi, Ukrayna böhranının dərinləşəcəyi, yeni hərbi münaqişəyə çevriləcəyi halda Azərbaycanın mövqeyi necə olacaqdır? Bunu əslində dövlət başçısı Ukraynaya səfəri ilə göstərdi. İkincisi, hərbi münaqişənin başlayacağı halda görsənir ki, Rusiya Avropaya qaz tədarükünü dayandıra bilər. Bu baxımdan Azərbaycan Avropanın enerji təminatına, qaz təchizatına necə töhfə verə bilər?”

Ekspert hesab edir ki, Azərbaycan həm hərbi təhlükəsizlik, logistika baxımından, həm də Avropanın enerji təhlükəsizliyi baxımından NATO üçün maraqlıdır.

“Azərbaycanın NATO üzvü Türkiyə ilə strateji müttəfiqliyini də nəzərə alsaq qarşıdurma dərinləşəcəyi halda Azərbaycanın yeri bəllidir. O, Türkiyə ilə birgə kollektiv Qərblə hərəkət edəcək,” o qeyd edib.

Pərviz Şahbazov

Nazir: 2022-ci il üçün 9 milyard kubmetrdən çox qazın Avropaya ixracı proqnozlaşdırılır

Avropanın qaz təchizatı məsələsinə gəlincə, Azərbaycanın energetika naziri Pərviz Şahbazov fevralın 15-də Report agentliyinə müsahibəsində bildirib ki, Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə ötən il avropalı istehlakçılar 8,1 milyard kubmetr həcmində Azərbaycan təbii qazı ilə təchiz edilib.

“2022-ci il üçün 9 milyard kubmetrdən çox qazın Avropaya ixracı proqnozlaşdırılır".

Nazir bildirib ki, TAP ilə ən çox təbii qaz İtaliya bazarına nəql olunub.

“Ötən il İtaliyaya 6,9 milyard kubmetr qaz tədarük edilib. 2022-ci ildə isə bu ölkəyə 7,4 milyard kubmetr Azərbaycan qazının ixracı proqnozlaşdırılır”.

Cənub Qaz Dəhlizi

TAP kəməri

Trans-Adriatik Qaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək, təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.