Ramiz Mehdiyev istefa verəcəyini bildirib

Ramiz Mehdiyev

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verəcəyini bildirib.

AMEA Rəyasət Heyətinin Mətbuat xidmətinin məlumatında deyilir ki, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclasında akademiya prezidenti Ramiz Mehdiyev istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.

“Akademik Ramiz Mehdiyev iki il dörd ay ərzində birlikdə çalışdığı Rəyasət Heyəti üzvlərinə təşəkkür edib, pandemiya səbəbindən elmimiz adına bəzi uğurlu layihələrin həyata keçirilə bilməməsindən təəssüfünü çatdırıb,” məlumatda deyilir.

Ramiz Mehdiyev son günlər akademiya və şəxsən onun özü haqqında yayılan məlumatların heç bir təsiri olmadan yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini bildirib.

“Akademiya böyük yol keçib və daim dövlətin yanında olmalıdır. Alimlərimizin fəaliyyəti də bu yöndə olmalı, bütün işlər dövlət siyasətinə uyğun qurulmalıdır,” Mehdiyev qeyd edib.

Son günlər çoxsayı elm adamı və siyasətçilər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevə qarşı irad dolu tənqidlərlə çıxış edərək onu istefaya çağırıb.

Fevralın 10-da Ramiz Mehdiyev Amerikanın Səsinin suallarının cavabında tənqidləri və istefa çağırışlarını qəbul etmədyini bildirib.

“Mən bu şəxslərin nə özlərini, nə də çağırışlarını ciddi qəbul edirəm. Məni bu vəzifəyə AMEA-nın ümumi yığıncağı seçib və cənab Prezident İlham Əliyev də məni bu vəzifəyə təsdiqləyib. Məni istefaya göndərmək səlahiyyəti də ona məxsusdur. AMEA-dakı bəzi şəxslərin öz hədlərini aşaraq dövlət başçısının səlahiyyətlərinə müdaxilə etmək cəhdlərini isə qəbuledilməz sayıram. Sağlamlığımda heç bir problem yoxdur, özümü yaxşı hiss edirəm, işimin başındayam. Bundan sonra da AMEA qarşısında dövlətin qoyduğu vəzifələrin keyfiyyətli icrası üçün əlimdən gələni edəcəyəm. Mənim əqidəm və yolum məlumdur. Mən ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin sadiq silahdaşıyam. Son nəfəsimə qədər də bu yoldan çəkilmək niyyətim yoxdur. Mənim üçün dövlətin maraqları, Prezident İlham Əliyevin iradəsi hər zaman ayrı-ayrı şəxslərin iddilarından yüksəkdə dayanacaqdır,” o qeyd edib.

Ramiz Mehdiyevin siyasi karyerası

Ramiz Mehdiyev siyasi karyerasına Azərbaycan SSRİ-nin tərkibində olarkən Kommunist Partiyasında başlayıb. 1972-ci ildən Azərbaycan Dövlət Universitetinin elmi kommunizm kafedrasında müəllim kimi dərs deyən Mehdiyev 1974-cü ilin mayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitə aparatında təbliğat və təşviqat şöbəsində mühazirəçi vəzifəsinə irəli çəkilib. Daha sonra o, Kommunist Partiyasının katibi vəzifəsində işləyib.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsindən az sonra Ramiz Mehdiyev yenidən idarəçiliyə cəlb olunub. Uzun müddət Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyev Əliyev hakimiyyətinin ən qüdrətli fiqurlarından biri sayılıb.

Sovet dönəmində “Qırmızı Əmək Bayrağı” ordeni, Azərbaycan müstəqillik əldə etdikdən sonra isə “İstiqlal” ordeni ilə təltif edilib.

2019-cu ilin oktyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Ramiz Mehdiyev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilib.

Prezident İlham Əliyev dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edib.