Rövnəq Abdullayev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Rövnəq Abdullayev iqtisadiyyat nazirinin müavini təyin edilib.
Bununla yanaşı, Prezident Əliyev iqtisadiyyat nazirinin birinci müavini Rövşən Nəcəfi Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edib.
Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Rövşən Nəcəfə həvalə edilib.
Rövşən Nəcəf 1982-ci il aprelin 9-da Bakı şəhərində anadan olub.
Azərbaycan Dövlət İqtisad Universitetinin 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistratura proqramını bitirib.
2007-2008-ci illərdə SOCAR-ın təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq, İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecment və Siyasəti üzrə magistr proqramını bitirib.
Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində başlayıb. Sonra müxtəlif dövlət strukturlarında çalışıb.
2018-ci il mayın 11-də Azərbaycan Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri, 2019-cu il avqustun 28-də Azərbaycan Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri, 2020-ci il fevralın 11-də iqtisadiyyat nazirinin müavini, 2021-ci il dekabrın 23-də iqtisadiyyat nazirinin birinci müavini təyin olunub.
Rövnəq Abdullayev 2005-ci ildən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), prezidenti idi.