Amerikalı Natan Çen Pekin Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb

Natan Çen

Amerikalı Natan Çen cümə axşamı 2022-ci il Pekin Qış Olimpiya Oyunlarında kişilər arasında fiqurlu konkisürmə yarışmasında qızıl medal qazanıb. Bu, 2010-cu ildən bəri ABŞ-ın bu yarış üzrə kişilər arasında ilk qızıl medalı olub.

Çen qısa proqramda ən yüksək bal toplayaraq, müsabiqəyə liderlik edib. O, cümə axşamı daha uzun proqramlı sərbəst yarışda üstünlük əldə edərək, Yaponiya idmançısı Yuma Kagiyamanı arxada qoyub.

Yarışda bürünc medalı yaponiyalı Şoma Uno qazanıb.

İkiqat dünya çempionu, yaponiyalı Yuzuru Hanyu cümə axşamı yarışlarında dördüncü yeri tutub.

2018-ci il Olimpiadasının sevimlilərindən biri olan Çenin qısa proqramdakı çıxışı onu beşinci yerə aparıb. "Bu, dünya deməkdi Mən sadəcə çox xoşbəxtəm" - deyə, o bildirib.

Cümə axşamı daha bir amerikalı idmançı - snobord yarışı üzrə 2018-ci ilin qızıl medalını qazanan Kloye Kim qadınların half-pip yarışında qalıb olub.

Bu idman növü üzrə yarışmada gümüş medalı ispaniyalı Qeralt Kastellet, bürünc medalı isə yaponiyalı Sena Tomita qazanıb.

Avstriyalı xizəkçi Yohannes Strolz cümə axşamı Alp kombayn yarışında qızıl medal qazanıb.

Alp kombayn yarışında gümüş medalı Norveç idmançısı Aleksander Amodt Kilde, bürünc medalı Kanada idmançısı Cek Krouford qazanıb.

Çərşənbə günü isə Lindsi Yakobellis qadınların kross snoubordinq yarışında qalıb gələrək, Amerika Birləşmiş Ştatlarına 2022-ci il Pekin Qış Olimpiya Oyunlarının ilk qızıl medalını qazandırıb.

36 yaşlı Yakobellis bu idman növünün qabaqcıllarından biri olsa da, 2006-cı ildə İtaliyanın Turin şəhərində keçirilən Olimpiya oyunlarındakı debütu zamanı uğursuzluğa uğrayıb.

O, Turin Oyunlarında qızıl medal qazanmağa hazırlaşarkən, yarışın son anında sıçrayış zamanı sürüşərək yıxılıb və gümüş medalla kifayətlənməyə məcbur olub.

Çərşənbə günü gümüş medalı fransalı Kloye Trespişç, bürünc medalı isə kanadalı Maryeta Odine qazanıb.

Yakobellis qələbəsini ABŞ-da yaşıdları arasında dominant qadın dağ xizəkçisi Mikeala Şiffrinin Olimpiyandakı uğursuzluğundan bir neçə saat sonra əldə edib.

Qadınlar arasında slalom yarışında qızıl medalı slovakiyalı Petra Vlova, gümüş medalı avstriyalı Katarina Leynsberger, bürünc medalı isə isveçrəli Vendi Holdener qazanıb.

Çərşənbə günü, həmçinin qızıl medalı 21 yaşlı norveçli Birk Ruud kişilər arasında biq-eyr yarışında qazanıb. Gümüş medalı ölümcül avtomobil qəzasında ağır xəsarətlər aldıqdan altı il sonra amerikalı Kolbi Stivenson əldə edib. Bürünc medalı isə isveçli Henrik Harlot qazanıb.