Azərbaycanda polis 76 kiloqram, sərhədçilər 11 kiloqram narkotik götürüb

Narkotik

Bu gün, fevralın 9-da polis Bakı şəhərində 76 kiloqram narkotik maddə və 965 ədəd psixotrop tərkibli həbi qanunsuz dövriyyədən çıxarıb. Bununla yanaşı sərhədçilər İranla sərhəddə 11 kiloqramdan çox narkotik götürüb.

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatına görə, külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirib narkoşəbəkə yaradan 4 nəfər saxlanılıb.

“Paytaxtın Nərinmanov rayonunda Nazim Zeynalov saxlanılıb. Onun üzərindən və evindən ümumilikdə 66 kiloqramdan artıq, o cümlədən 52 kiloqram 708 qram heroin, 10 kiloqram 312 qram “patı”, “şüşə” adlandırılan metamfetamin, 2 kiloqram 144 qram marixuana, 1 kiloqram tiryək, narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi, 450 ədəd metadon həbi və 1 ədəd narkotik vasitələrin satışı zamanı qeydlər apardığı dəftər aşkar olunub. Narkoşəbəkənin digər üzvləri Kamal Məmmədov, Qaraoğlan Süleymanov və Samir Rəhimov da saxlanılıb. Bu şəxslərdən ümumilikdə 10 kiloqram 128 qram heroin, metamfetamin, 515 ədəd ekstazi və metadon həbi, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar, elektron tərəzilər aşkar olunub,” məlumatda qeyd edilir.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Bununla yanaşı, Dövlət Sərhəd Xidməti fevralın 7-də İranla həmsərhəd Yardımlı rayonunun Arus kəndi yaxınlığında 10 kiloqramdan çox heroin, 1 kiloqram 25 qram metamfetamin götürüldüyü barədə məlumat yayıb.

Saxlanılan şəxslər və onların yaxınları hələ Daxili İşlər Nazirliyinin məlumatına münasibət bildirməyib.

Azərbaycan hüquq-mühafizə orqanları, demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gətirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır. Sonuncu belə hal, fevralın 7-də olub. Azərbaycan gömrükçüləri İrandan Polşaya aparılması nəzərdə tutulan 106 kiloqram narkotik götürüldüyünü bildirib.

İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.

Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.

Azərbaycanın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, 2021-ci ilin 10 ayı ərzində qanunsuz dövriyyədən ümumilikdə 5 ton 880 kiloqram 982 qram narkotik vasitələr və psixotrop maddə çıxarılıb.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5021 nəfər cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 51 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 21-i İran, 11-i Gürcüstan, 10-u Rusiya, 4-ü Türkiyə, 3-ü Ukrayna, 1-i Hindistan və 1-i Pakistan vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 343 kiloqram və 5004 ədəd müxtəlif növ narkotik vasitə, psixotrop maddə, 1580 ədəd güclü təsir edən maddə götürülüb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının digər məlumatında deyilir ki, Azərbaycandan bir neçə qanunsuz tranzit narkotik marşrutu keçir.

Bunlar, İran – Azərbaycan, İran – Azərbaycan – Rusiya – Yaponiya, İran – Azərbaycan – Gürcüstan – Avropa, İran – Azərbaycan – Rusiya – Ukrayna marşrutlarıdır.