Baltikyanı ölkələr və Polşa revanşist Rusiyadan getdikcə daha çox narahat olur

Şərqi Avropanın keçmiş kommunist ölkələri revanşist kimi gördükləri Rusiyadan getdikcə daha çox narahat olur. Bu ölkələrin hökumətləri Rusiya lideri Vladimir Putinin başqa daha harada problem yarada biləcəyini anlamaq üçün Ukrayna böhranını diqqətlə izləyir.

Britaniya bazar ertəsi bildirib ki, Norveçdə təlimlərdə olan Kral Dəniz Komandosunun 350 üzvü "fövqəladə hallar üçün planlaşdırılmalarda" iştirak etmək üçün Polşaya göndəriləcək. Bu addım Rusiyanın 1945-ci ildən bəri hərbi birləşmələrin ən böyük cəmləşdirilməsi olan Ukrayna sərhədlərinə yerləşdirməsi ətrafında gərginliyin artdığı bir vaxta təsadüf edir.

Britaniyanın Baş naziri Boris Conson çərşənbə axşamı Bolqarıstan və Rumıniyaya döyüş təyyarələri və Qara dənizə hərbi gəmilər göndərməyə hazır olduğunu bildirib. O, Britaniyanın "geri çəkilməyəcəyini" deyib.

NATO-nun Şərqi Avropada və xaricində rotasiya edən qüvvələri var. Brüsseldə Qərb alyansının baş qərargahındakı rəsmilər bunu davamlı, lakin daimi olmayan mövcudluq kimi təsvir edir. Onlar deyirlər ki, Rusiya tərəfindən aqressiyanı qarşısını saxlamaq, lakin təcavüzə təhrik etməmək məqsədilə Baltikyanı ölkələrdən Qara dənizə qüvvələrin yerləşdirilmələri bilərəkdən yüngül olub.

2014-cü ildə Rusiya Krımı ilhaq edəndən bəri Estoniya, Latviya, Litva və Polşada ABŞ, Almaniya, Kanada və Britaniyanın başçılıq etdiyi 5000 hərbçidən ibarət dörd döyüş qrupu yerləşdirilib.