ABŞ-ın dörd ştatının qubernatorları bazar ertəsi COVID-19-un omikron variantının dalğasının sürətlə azaldığını əsas gətirərək, fevralın və ya martın sonunda məktəblərdə maska taxmaq tələblərini qaldırmağı planlaşdırdıqlarını bildirib.
Konnektikut, Delaver, Nyu-Cersi və Oreqon ştatları bu qərarı ştatlar və yerli hökumətlərin COVID-19 məhdudiyyətlərinin hansının saxlanıb-saxlanılmamasına qərar verməyə çalışdığı vaxt açıqlayıb. Dəyişikliklər həm də virusun heç vaxt yox olmayacağı və amerikalıların onunla yaşamağı öyrənməli olduğu hissinin gücləndiyi fonda verir.
Nyu-Cersi ştatının qubernatoru Fil Merfi bu addımı “uşaqlarımız üçün normal həyata doğru böyük addım” adlandırıb.
Bu arada, Kaliforniya ştatı gələn həftə peyvənd edilmiş insanlar üçün qapalı yerlərdə maska taxmaq tələbini dayandırmağı planlaşdırdığını açıqlayıb, lakin ölkə əhalisinin ən sıx olduğu bu ştatda məktəblilər üçün maska mandatı hələ də qalmaqda davam edəcək.
Milli Dövlət Səhiyyə Siyasəti Akademiyasının bildirdiyinə görə, bu dörd ştat məktəblərdə maska mandatı tətbiq edilən onlarla ştat arasındadır.
Merfi maska mandatını qaldırdığını elan edərkən "COVID-ə yoluxmaların kəskin şəkildə azalmasına" istinad edib. Onun sözlərinə görə, tətillər zamanı omikron variantına yoluxmalar artsa da, hazırda ştatda infeksiya halları 50%, keçən həftədən bəri isə xəstəxanaya yerləşdirilmələr üç dəfə azalıb.
Konnektikut ştatının qubernatoru Ned Lamont məktəblərdə və uşaq bağçalarında maska mandatına fevralın 28-də son qoymağı tövsiyə edib. Nyu-Cersi ştatı mandata martın 7-dən son qoyacaq.
Delaver ştatının qubernatoru Con Karni ştatının məktəblərdə maska mandatının mart ayına qədər davam edəcəyini bildirib.
Oreqon ştatının məktəbləri üçün maska tələbləri martın 31-də qaldırılacaq. Səhiyyə rəsmilərinin dediyinə görə, qapalı ictimai yerlərdə maska mandatı martın sonundan gec olmayaraq qaldırılacaq.