Azərbaycanda insan hüquqları pozuntuları və Bakının Aİ-nin siyasətinə müdaxiləsi – bu mövzu Avropa Parlamentinin İnsan Hüquqları üzrə Alt Komitəsinin və Avropa İttifaqında demokratik proseslərə xarici müdaxilə üzrə Xüsusi Komissiyanın fevralın 7-də keçirilən birgə iclasında müzakirə mövzusu olub.
Dinləmələr Avropa Parlamentinin Fransalı deputatı Bernard Kettanın sədrliyi ilə keçirilib.
Müzakirələrdə avropalı parlamentarilər Rafael Qluksman, Natali Luazo, İzabel Santos, Haydi Hautala, Marketa Qreqorova, Amnesty İnternational-ın Avropa və Mərkəzi Asiya üzrə keçmiş direktoru, hazırda “Avropada sabitlik təşəbbüsü”nün rəhbəri, britaniyalı Con Daluzen, keçmiş Azərbaycanlı diplomat, hazırki siyasi mühacir Arif Məmmədov, “Sərhədsiz Reportyorlar” təşkilatının nümayəndəsi Janna Kavalye, Aİ-nin rəsmi nümayəndəsi Riçard Tibbels və bloger Məhəmməd Mirzəli çıxış ediblər.
Arif Məmmədov qeyd edib ki, Avropa institutları çox vaxt Azərbaycanda insan hüquqlarının pozulmasına və korrupsiyaya göz yumur. Onun fikrincə, bu, Azərbaycan hakimiyyətinin lobbiçilik fəaliyyətinin nəticəsidir.
O, “kürü diplomatiyası”, “Landromat” və digər qalmaqalları xatırladıb, AŞPA-da korrupsiya faktlarının araştırılmasının deputat Luka Volontenin cinayət təqibindən başqa ciddi nəticələr vermədiyini qeyd edib.
“Qalmaqala cəlb edilmiş bir çox digər şəxslər hələ də Avropa Şurasına daxildir,” Məmmədov bildirib.
Bloger Məhəmməd Mirzəli Azərbaycanda hakimiyyəti tənqid edənlərin təqib edildiyini, o cümlədən Avropa İttifaqı ərazisində təqibə məruz qaldığını bildirib. O özü Fransada fiziki hücuma məruz qalıb.
Görüşdə həmçinin Avropa İttifaqı-Azərbaycan münasibətlərinə, Azərbaycanın Şərq Tərəfdaşlığına üzvlüyünün məntiqəuyğunluğuna, insan hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılması və korrupsiyaya qarşı mübarizə üçün rəsmi Bakıya mümkün təzyiq vasitələrinə toxunulub.
Onlar həmçinin Azərbaycan və Aİ arasındaki yeni sazişdə insan hüquqlarına xələl gətirilməklə, energetika məsələlərinin ön plana çıxarılacağı ilə bağlı narahatlıqlarını ifadə ediblər. Sazişin ilkin mətninin nəşr edilməsi zərurəti vurğulanıb.
Azərbaycan hökuməti insan hüquqları ilə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır. Ölkə başçısı Azərbaycanda fundamental hüquqların təm təmin edildyini, insanların qanun qarşısında bərabər olduğunu, fikirlərinə görə təqib edilmədiyini vurğulayıb.
Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyətdədir. Yerli hüquq müdafiəçiləri yüzdən çox siyasi məhbusun olduğunu bildirir.