“Möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Ukrayna münasibətlərinin hazırkı səviyyəsi və gündən-günə genişlənməsi xüsusi məmnunluq doğurur.”
Bu barədə prezident İlham Əliyevin Azərbaycan ilə Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə ünvanladığı təbrik məktubunda deyilir.
Azərbaycan prezidenti bildirib ki, iki ölkə arasındakı münasibətlər daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
“Siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığımızın əhatə dairəsi genişlənmişdir. Bu gün apardığımız yüksək səviyyəli siyasi dialoq, çoxsaylı qarşılıqlı səfərlər, imzalanmış sənədlər, həyata keçirilən birgə layihələr, o cümlədən Hökumətlərarası Komissiyanın uğurlu fəaliyyəti əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır,” təbrik məktubunda deyilir.
Dövlət başçısı birgə səylərlə Azərbaycan-Ukrayna əlaqələrinin bundan sonra da möhkəmlənməsinə və genişlənməsinə nail olunacağına əminliyini ifadə edib.
Bu gün diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ukrayna xarici işlər naziri Dmitro Kuleba arasında məktub mübadiləsi də baş tutub.
Məktubda Azərbaycan və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipinə sadiq qalaraq, bir-birlərinin ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb.
Müxtəlif mənbələrin məlumatına görə, Ukraynada təxminən 500 min azərbaycanlı yaşayır. Bu ölkənin çoxsaylı şəhərlərində Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir. Azərbaycanda isə rəsmi statistikaya görə, 21.5 min ukrayn yaşayır.
Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlər 31 yanvar 1992-ci ildə qurulub. Hər iki dövlət bir-birinin müstəqilliyini qısa müddətdə tanısa da, diplomatik nümayəndəliklərin açılması bir qədər sonraya təsadüf edir. Ukraynanın Azərbaycandakı səfirliyi 1996-cı il mayın 5-də fəaliyyətə başlayıb. Azərbaycanın Ukraynadakı səfirliyi isə 1997-ci il martın 17-də açılıb.
Hər iki ölkə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatla (GUAM) yanaşı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatnda təmsil olunur.
Azərbaycan və Ukrayna dövlət başçıları səviyyəsində çoxsaylı səfərlər olub və iki ölkə arasında onlarla sənəd imzalanıb. Azərbaycan prezidenti İlham Əliyev sonuncu dəfə ötən il dekabrın 17-də Ukraynada səfərdə olub.
Politoloq Şahin Cəfərli Amerikanın Səsinə bir qədər əvvəl verdiyi müsahibədə bildirib ki, Azərbaycan-Ukrayna əlaqələri həmişə yaxşı olub.
“Iki dövlətin maraqlarının üst-üstə düşməsini şərtləndirən ən vacib məsələ hər iki dövlətin ərazisində münaqişənin mövcudluğu olub. Bu baxımdan bu dövlətlər hər zaman bir-birinin ərazi bütövlüyünə, müstəqilliyinə dəstək verib. Digər amil, postsovet dövründə yaranan GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkilatıdır. Düzdür, son zamanlar bu təşkilat o qədər də fəal olmayıb. Ancaq, prezident Əliyevin dekabrın 17-də Ukraynaya səfəri zamanı bu təşkilatın dirçəldilməsi barədə razılıq əldə edilib. Xüsusilə iqtisadi, nəqliyyat və kommunikasiya sahəsində GUAM təşkilatının aktivləşdirilməsi qərara alınıb.”
Ekspert GUAM daxilində siyasi fəaliyyətin aktivləşdirilməsinin Rusiyanın təzyiqlərinə səbəb olma ehtimalları ilə bağlı sualın cavabında deyib ki, Azərbaycan GUAM-da fəaliyyətində həmişə Rusiya faktorunu nəzərə alır.
“Azərbaycan Ukraynanın ərazi bütövlüyünə dəstək versə də bu sahədə ehtiyatlı siyasət yürüdür. Çalışır ki, Rusiyanı qıcıqlandıracaq addımlar atmasın. Buna misal kimi, Azərbaycanın Krım platformasının təsis konfransında iştirak etməməsini göstərə bilərik. Yəni, hansı məsələlərdə Rusiyanın Azərbaycana qarşı aqressivliyi yarana bilər, o sahələrdə Azərbaycan bir qədər geri planda durur. Rusiyanın aqressiv addımlar atacağından çəkinir. Bu baxımdan Azərbaycan GUAM daxilində əməkdaşlığın siyasi komponentlərinə deyil, daha çox iqtisadi komponentlərinə üstünlük verir,” o qeyd edib.
Politoloq GUAM dövlətləri arasında nəqliyyat dəhlizi barədə danışarkən deyib ki, nəqliyyat dəhlizi dedikdə daha çox Azərbaycanın Gürcüstan və Ukraynanın Qara dəniz limanlarından daha geniş istifadəsindən söhbət gedir.