Korrupsiya, nazirə verildiyi iddia olunan yüz minlərlə manat və ekspert baxışı

Zakir Sultanov

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov məhkəmədə keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevə külli miqdarda pullar verdiyini iddia edib.

Yanvarın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun 11 il həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Məhkəmədə müdafiə tərəfi müttəhimin 5,3 milyon manat məbləğində zərəri ödədiyi, törətdiyi əməldən peşman olduğu, istintaqla əməkdaşlıq etdiyi, habelə, iki yetkinlik yaşına çatmayan uşağının olduğu nəzərə alınaraq şərti cəza verilməsi barədə vəsatət qaldırıb.

Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Əbülfəs Qarayev

2021-ci il avqustun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsi mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramovu 8 il həbsə məhkum edib. Sonra Apellyasiya Məhkəməsi onun həbs müddətini 4 il 6 aya endirib.

Yerli mediada yayılan məlumatda deyilir ki, Zakir Sultanov məhkəmədə mənimsənilən pulların çoxunun sabiq mədəniyyət naziri Əbülfəs Qarayevə verildiyini bildirib. Sultanov dəfələrlə keçmiş nazir Qarayevin məhkəməyə dəvət olunaraq ifadə verməsini tələb edib. Lakin onun vəsatətləri təmin edilməyib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Zakir Sultanov bildirib ki, 2006-cı ildə Əbülfəs Qarayevin təklifi ilə vəzifəyə gətirilib. O, Əbulfəs Qarayevlə şəxsən 2005-ci ildə tanış olduğunu qeyd edib. Rəis olduğu dövrdə vəzifəsi tikinti aparılan layihələrə nəzarət funksiyasını həyata keçirmək olub. Layihələrin maliyyə hissəsinə qarışmayıb, həmin vəzifədə 2014-cü ilin dekabr ayına kimi xidmət edib. 2014-cü ilin dekabr ayında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaranıb və həmin xidmətin rəisi vəzifəsinə təyin edilib: “2015-2020-ci illər ərzində Mədəniyyət Nazirliyində çoxlu sayda tender layihələri keçirilib. Rəis olduğum xidmətdə Mədəniyyət Nazirliyinin bir neçə layihəsinə nəzarət etmişəm. 2015-ci ildən sonra isə rəisi olduğum xidmətin adından da bir neçə şirkətlə tender müqavilələri bağlamışam. Nazirin tapşırığı ilə onun tanışı olan Şamxalın Mədəniyyət Nazirliyinin tenderində iştirakını və qalib gəlməsini təşkil etmişəm. Əvəzində isə Şamxalla aramızdakı razılığa əsasən onun hesabına müqavilədə nəzərdə tutulmuş məbləğ köçürüldükdən sonra 18 faiz ƏDV çıxılmaqla ümumi məbləğin 20 faizi "otkat" şəklində mənə geri qaytarılmalı idi.

Bərdə şəhərində “Allah-Allah” türbəsinin təmir-bərpası ilə əlaqədar 2012-ci ildə bağlanmış müqaviləyə əsasən 5 il ərzində ümumilikdə 450 000 manat pul alınıb.
Zakir Sultanov

2018-ci ildə bağlanmış müqavilə üzrə bizə geri qaytarılan pul ümumilikdə 900 000 manat idi. Həmin puldan 700 000 manat hissəsini sabiq Mədəniyyət nazirinin göstərişi ilə ona xidməti otağında vermişəm, 200 000 manat pulu özümə götürmüşəm. Bozalqanlı adına Aşıq Sənəti Dövlət Muzeyinin təmir-tikintisi ilə əlaqədar bağlanmış müqaviləyə əsasən 533 000 manat, həmçinin Tovuz rayonu Mədəniyyət evinin təmir-tikintisi ilə əlaqədar bağlanmış müqaviləyə əsasən 2020-ci ildə 218 000 manat pul alınıb. Ümumilikdə alınan 751 000 manat pulun 600 000 manat hissəsini Əbülfəs Qarayevin göstərişi ilə xidməti otağında ona təhvil vermişəm. 151 000 manat pulu isə özünə götürmüşəm. Masallı rayon Mədəniyyət evində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə layihədən 300 000 manat pul qalıb. Həmin pulun 240 000 manat hissəsini sabiq Mədəniyyət nazirinin göstərişi ilə ona vermişəm, 60 000 manat pulu özümə götürmüşəm. Lənkəran rayonu Mirəhməd xanın evində təmir işlərinin keçirilməsi ilə əlaqədar 2011-ci ildə bağlanmış müqaviləyə 200 000 manat pul alınıb. Həmin pulun da 160 000 manatını sabiq Mədəniyyət nazirinə vermişəm. Bərdə şəhərində “Allah-Allah” türbəsinin təmir-bərpası ilə əlaqədar 2012-ci ildə bağlanmış müqaviləyə əsasən 5 il ərzində ümumilikdə 450 000 manat pul alınıb. Həmin pulun da 360 000 manatını Əbülfəs Qarayevə vermişəm, 90 000 manatını isə özümə götürmüşəm.

Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhərində Azərbaycanla bağlı yeni binanın tikintisi ilə bağlı layihə üzrə gələn 255 950 manat puldan Əbülfəs Qarayevə 200 000 manat pul vermişəm. Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən 11 nömrəli musiqi məktəbinin tikintisinin keçirilməsi ilə əlaqədar 80 000 manat pul almışam, həmin puldan 60 000 manatını Əbülfəs Qarayevə vermişəm. Bunlardan başqa daha bir böyük layihədən gələn 240 000 manat pulun da 192 000 manatnı Əbülfəs Qarayevə təqdim etmişəm,” o qeyd edib.

Keçmiş nazir Əbülfəs Qarayev Sultanovun iddialarına hələ cavab verməyib.

Araşdırmaçı jurnalist Xədicə İsmayıl Amerikanın Səsinə bildirib ki, rüşvət almanın qarşısının alınması üçün ilk növbədə cəzasızlıq mühiti aradan qaldırılmalıdır.

“Əgər nazir haqqında bu iddialar səslənirsə, o hələ də azadlıqdadırsa, bu hallar davam edəcək.”

Your browser doesn’t support HTML5

Xədicə İsmayıl: Siyasi iradə olanda problem həllini tapacaq

Araşdırmaçı jurnalist ölkədə rüşvətin qarşısının alınması üçün məmurların gəlirləri və əmlakları barədə bəyannamə vermələrini vacib sayır.

“Məmurların üzərində ictimai nəzarət olmalıdır. Lazımdır ki, şirkətlərin sahibləri barədə məlumatlar da gizli saxlanılmasın. Lazımdır ki, tender mexanizmləri tam şəffaf olsun. Tenderdə təkcə qaliblər deyil, həm də müraciət edənlərin təklifləri açıq olmalıdır. Prosesin şəffaflığı üçün vətəndaş cəmiyyəti qurumları mövcud olmalıdır. Bu məsələlərlə bağlı nə vaxt siyasi iradə olacaqsa, o zaman da problemlər həllini tapacaq,” Xədicə İsmayıl qeyd edib.

Əgər nazir haqqında bu iddialar səslənirsə, o hələ də azadlıqdadırsa, bu hallar davam edəcək.

Ölkədə nazirlərin korrupsiya və rüşvət alması halları ilə bağlı bundan öncə də məhkəmələrdə iddialar səslənib. Bu iddiaların, həmçinin sabiq mədəniyyət naziri ilə bağlı deyilənlərin prokurorluqda araşdırılıb-araşdırlmaması ilə bağlı Amerikanın Səsinin sualına Baş Prokurorluq hələ cavab verməyib.

Bununla yanaşı, Azərbaycanın Baş Prokuroluğu Amerikanın Səsinin korrupsiyaya qarşı mübarizə ilə bağlı suallarının cavabında bu günlərdə bildirib ki, ölkədə korrupsiyaya qarşı mübarizə bu sahədə mövcüd olan güclü siyasi iradəyə uyğun olaraq bütün istiqamətlərdə aparılır.

“Belə ki, qanunvericilik, cinayət təqibi, maarifləndirmə sahəsində intensiv tədbirlər həyata keçirilir. Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı həyata keçirilən institusional və cinayət təqibi tədbirləri bu sahədə ixtisaslaşmış mötəbər beynəlxalq qurumların mütəxəssisləri tərəfindən monitorinq sənədlərində yüksək qiymətləndirilir,” Baş Prokurorluğun mətbuat katibi Günay Səlimzadə qeyd edib.

Azərbaycanın Baş Prokuroru Kamran Əliyev yanvarın 24-də keçirilən kollegiya iclasında bildirib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2021-ci ildə 493 şəxs barəsində 301 cinayət işinin ibtidai istintaqı tamamlanmaqla 466 şəxs barəsində 274 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.