Amerikanın Səsinin 80 yaşı tamam olur

Your browser doesn’t support HTML5

Amerikanın Səsinin 80 yaşı tamam olur

1942-ci il fevralın 1-də Amerikanın Səsinin jurnalistləri Nyu-Yorkdakı studiyadan ilk dəfə efirə çıxdı. İkinci Dünya Müharibəsi zamanı dünyaya həqiqətləri çatdırmaq üçün yaradılan təşkilat illər ərzində böyüyərək dünyanın ən böyük media orqanlarından birinə çevrilib. Fevralın 1-də Amerikanın Səsi 80 illik yubileyini qeyd etdi.

“Bu Amerikanın Səsidir. Bu gün və hər gün Amerika və müharibə haqqında danışacağıq. Xəbərlər yaxşı ola bilər. Onlar pis ola bilər. Amma biz həqiqəti deyəcəyik”.

Amerikanın Səsinin tarixi 80 il əvvəl bu sözlərlə başlayıb. Bu gün Amerikanın Səsi böyük media qurumudur. Lakin 1942-ci ildə Amerikanın Səsi həqiqətin susdurulduğu yerlərdə eşidilməsi kimi kövrək bir xəyal idi. Amerikanın Səsinin ilk rəhbəri olmuş Con Hausmanın xatırladığı kimi ilk günlərdə əsas qorxu radio siqnalının xarici auditoriyaya çatmaması idi.

“Sonra bir gün bir məktub gəldi: “Siz Amerikada təsəvvür belə edə bilməzsiniz ki, Amerikadan bir neçə dəqiqəlik xəbərlər necə dinlənilir və yayılır. Dinlənildikdən sonra bir saat içində yüz minlərlə insan həqiqəti bilir”, Housman xatırlayaraq demişdi.

1948-ci ildə Qərbi Berlinin sovet qoşunları tərəfindən blokadaya alınmasından sonra SSRİ ilə soyuq müharibə ABŞ-ın xarici siyasətinin mərkəzinə çevrildi. Amerikanın səsi həqiqəti söyləmək vədinə əməl edərək sovet təbliğatına qarşı əsas informasiya silahına çevrildi.

1980-ci illərdə Amerikanın Səsinin SSRİ-də gündəlik radio auditoriyası siqnalın sovet hakimiyyəti tərəfindən daim bloklanmasına baxmayaraq, 14 milyon nəfər təşkil edirdi. Mark Pomar həmin illərdə Amerikanın Səsinin rus xidmətinə rəhbərlik edirdi.

“Biz həftənin yeddi günü, günün 24 saatı efirdə idik. Hər saat yeni xəbərlər çıxırdı. Axşam növbəmiz, gecə növbəmiz var idi. Xəbərlər və xüsusi reportajlardan əlavə ən azı 40 və ya 50 həftəlik verilişlər var idi. Bu, bizə missiyamızın əhəmiyyətini hiss etdirirdi. Təbii ki, o zaman Sovet İttifaqı xarici siyasətdə bir nömrəli mövzu idi”.

Obyektivlik, dəqiqlik, bütün nöqteyi-nəzərlərin təqdim edilməsi və ABŞ siyasətinin ədalətli işıqlandırılması jurnalistlərin işinin 1960-cı ildə Amerikanın Səsinin Xartiyasında yazılmış əsas prinsipləridir.

1976-cı ildə Amerikanın Səsinin özünə və öz auditoriyasına verdiyi bu vəd Konqres tərəfindən qanuna çevrildi. 20 il sonra isə prezident Bill Klinton “Beynəlxalq yayım haqqında qanun”u imzaladı və bu, növbəti dəfə hüquqi müstəvidə jurnalistlərin işinin müstəqilliyini təmin etdi.

“Beynəlxalq Yayım Aktı” Amerikanın Səsinin Nizamnaməsinə əsaslanır ki, bu da təşkilatın ən yüksək peşəkar standartlara uyğun və hökumətin müdaxiləsi olmadan xəbər və məlumat təqdim etməsini təmin edir. Bu, Amerikanın Səsi və ya ABŞ-ın başqa beynəlxalq yayım təşkilatındakı jurnalistlərin müstəqil şəkildə məzmun hazırlamasını təmin edən Firewall adlanan qanundur. Xaricdəki auditoriya üçün buna bəzən inanmaq çətindir, belə ki, bir çox ölkələr medianın xüsusilə də dövlət tərəfindən maliyyələşdirilən zaman hökuməti avtomatik dəstəkləyən avtoritar yanaşmaya öyrəşib” – deyə, yayım şurasının rəhbərinin keçmiş müavini Ceffri Trimble bildirir.

Amerikanın Səsi 80 il ərzində dünya siyasətində baş verən bütün əsas hadisələri işıqlandırıb. Yayım qadağaları, saytların bloklanması və ya avtoritar rejimlərin qara siyahısına düşməsinə baxmayaraq, Amerikanın Səsi bu vəzifəni yerinə yetirməkdə davam edir və bütün maneələr dürüst və obyektiv jurnalistikanın vacibliyini bir daha sübut edir.

“İkinci Dünya Müharibəsinin nasist blokundan, Soyuq Müharibənin totalitar rejimləri və bu gün dezinformasiya yayanlara qədər həqiqətin düşmənləri zamanla dəyişib. Bizim həqiqətlərin dürüst işıqlandırılması işinə sadiqliyimiz indi dünyanın istənilən yerində təhlükə altında olan mətbuat azadlığına güclü dəstəyi daxil edir. Tariximizin hər mərhələsində müxtəlif çətinliklərlə üzləşsək də, bir şey dəyişməz olaraq qalır - Amerikanın Səsi etibarlı və mötəbər informasiya mənbəyi olaraq qalır” - deyə, Amerikanın Səsinin direktoru Yolanda Lopez təşkilatın 80 illik yubileyində bildirib.

Hazırda Amerikanın Səsinin proqramları 47 dildə yayımlanır və 300 milyondan çox tamaşaçı auditoriyası üçün hər həftə 2300 saatdan çox radio və televiziya proqramları hazırlanır.