Almaniyadan readmissiya olunan AXCP üzvü həbs edilib

Punhan Kerimli

Ötən ilin sonlarında Almaniyadan readmissiya olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Pünhan Kərimli yanvarın 25-də Bakıda Nərimanov metrosunun qarşısında saxlanılıb. Ona qarşı narkotik ittihamı irəli sürülüb.

Bu barədə Amerikanın Səsinə Kərimlinin atası Vahid Kərimov bildirib.

Onun sözlərinə görə, oğlu yanvarın 30-da evə zəng edib, hazırda 3 saylı Bakı İstintaq Təcridxanasında saxlanıldığını bildirib.

“Oğlumun həbsi siyasi sifarişdir, onun siyasi fəaliyyəti ilə bağlıdır. Oğlum Almaniyada iqtidarın əleyhinə aksiyalarda iştirak etdiyinə görə qisas alırlar,” o qeyd edib.

Pünhan Kərimli ailəlidir. Onun həyat yoldaşı Almaniyada qalıb.

“Oğlum Almaniyada yaşadığı evə gələrkən alman polisi saxlayıb və ötən il noyabrın 24-də Azərbaycana readmissiya edilib. Həyat yoldaşının onun saxlanılmasından xəbəri olmayıb. Bakıya gətirildikdən sonra, Atletlər Kəndində 14 gün karantində saxladılar. Orada 3 nəfər mülki geyimli şəxs onu sorğu-sual edib,” Vahid Kərimov qeyd edib.

Pünhan Kərimlinin 32 yaşı var. Ailəsindən Amerikanın Səsinə deyiblər ki, o 2018-ci il oktyabrın 8-də mühacirətə gedib.

“Mühacirətə gedənədək AXCP fəalı kimi etiraz aksiyalarında iştirak edib və təqiblərə məruz qalıb. Bu səbəbdən ölkəni tərk etməyə məcbur olub,” Kərimlinin atası deyib.

Azərbaycanın hüquq mühafizə orqanları Pünhan Kərimlinin həbsi ilə bağlı hələ məlumat yaymayıb.

Bununla yanaşı, Azərbaycan hökuməti insanların əqidəsinə görə təqib edilmədiyini, vətəndaşların qanun qarşısında bərabər olduğunu bəyan edir. Hüquq mühafizə orqanları isə bir qayda olaraq insanların təzyiqlərə məruz qalması ilə bağlı iddialarını təkzib edir, diqqəti ittihamdan yayındırmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş bəyanat kimi qiymətləndirir.