ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi bazar ertəsi günü bildirib ki, Birləşmiş Ştatlar və İran arasında 2015-ci il nüvə sazişinə qayıtmaq haqqında danışıqlar "son mərhələsinə" daxil olur və bütün tərəflər sərt siyasi qərarlar qəbul etməli olacaq.
ABŞ rəsmisi bildirib ki, Vyanada keçirilən son danışıqlar keçmiş prezident Donald Trampın 2018-ci ildə imtina etdiyi, rəsmi olaraq Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan sazişə qayıtmaq üçün "bu günə qədərki ən intensiv danışıqlardan biri" olub.
"Biz fikir ayrılıqları siyahısını bütün tərəflərin əsas prioritetlərinə uyğun olaraq daraltmaqda irəliləyiş əldə etdik. Ona görə də indi siyasi qərarların vaxtıdır", - deyə adının açıqlanmasını istəməyən rəsmi danışıqlarla bağlı jurnalistlərə məlumat verib.
ABŞ prezidenti Co Bayden bir il əvvəl müqaviləyə yenidən qoşulacağına söz verərək vəzifəyə gəlib, lakin İran nüvə proqramı üzərində işini davam etdirdi və razılaşma əldə oluna bilmədi.
ABŞ rəsmisi Vaşinqtonun nüvə sazişinə zidd olan sanksiyaların ləğvi baxımından nə etməyə hazır olduğunu artıq açıqladığını və topun daha çox Tehranın meydanında olduğunu bildirib.
"İndi İran üçün JCPOA-ya qarşılıqlı qayıdış üçün lazım olan qərarları verməyə hazır olub-olmaması barədə qərar vermə vaxtıdır."
"Biz son mərhələdəyik", - deyə rəsmi bildirib, “İranın irəliləyiş tempini, nüvə sahəsindəki irəliləyişlərini nəzərə alsaq, razılaşma əldə etmək üçün bizim cəmi bir neçə həftəmiz qalıb”.
O, İranla razılaşma əldə olunmasa, rəsmi Vaşinqtonun Tehranın məhdudiyyətsiz nüvə proqramı qarşısında "iqtisadi, diplomatik və digər şəkildə" təzyiqi artırmalı olacağını söyləyib.
Rəsmi Vaşinqtonun birbaşa danışıqlar yolu ilə İranla əlaqə saxlamağa hazır olduğunu təkrarlayaraq, bunun məhdud zaman çərçivəsini nəzərə alarsaq, prosesin çox xeyrinə olacağını deyib. Lakin əlavə edib ki, bunu etməyə yaxın olduqlarına dair heç bir əlamət yoxdur.
"Hələ birbaşa görüşməmişik. Yenidən toplaşdığımız zaman belə olacağına dair heç bir əlamətimiz yoxdur", - deyə rəsmi bildirib.