Natiq Cəfərli: Dövlət tərəfindən  tənzimlənən qiymətlərin ucuzlaşdırılması inflyasiyanı azalda bilər 

iqtisadçı ekspert Natiq Cəfərli

Ötən il Azərbaycanda inflyasiya 6.7 faiz olub.

Bu barədə yanvarın 17-də Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumatda deyilir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları 8.1, qeyri-ərzaq məhsulları 5.1, əhaliyə göstərilən ödənişli xidmətlər isə 5.8 faiz bahalaşıb.

Müstəqil ekspertlər hesab edir ki, rəsmi rəqəmlər reallığı əks etdirmir.

Your browser doesn’t support HTML5

Natiq Cəfərli:Dövlət tərəfindən  tənzimlənən qiymətlərin ucuzlaşdırılması inflyasiyanı azaldan səbəblərdən birinə çevrilə bilər

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə ölkədə inflyasiyanın artma səbəblərindən, bu səbəblərdən doğan problemlərdən danışıb. O deyir ki, Azərbaycanda inflyasiya 2016-cı ildən bəri ən yüksək həddə çatıb. Natiq Cəfərli bunun səbəblərini belə açıqlayıb: “Bunun bir çox səbəbləri var. Ölkədən qaynaqlanan və xaricdən ölkəyə idxal olunan inflyasiya səbəbləri də var. Dünyada da ərzaq inflyasiyası, istehlak mallarının qiyməti kəskin artıb. Avropada, Amerikada maksimum inflyasiya göstəriciləri var. Amerikada isə son qırx ilin ən yüksək inflyasiyası qeydə alınıb. Yəni dünyada logistikanın bahalaşması, sərhədlərdən keçid məntəqələrindən zaman etibarı ilə daha uzun zaman yükdaşımaların zamanının artması, konteynrlərin özlərinin qiymətinin artması, təsəvvür edin ki, pandemiyadan qabaq 2000 dollara olan konteyner daşımaları indi 7-8 min dollara başa gəlir. Yəni bütün bunlar qiymət artımına təkan verən əsas səbəblər oldu ki, Azərbaycan da xaricdən çox aslıdır. Amma daxildən qaynaqlanan problemlər də var. Hökümət keçən ilin yanvar ayında dizel yanacağının və benzinin qiymətini artırdı, suyun qiymətini artırdı. Enerji daşıyıcılarının qiymətini artırdı. Bunlar da inflyasiyaya səbəb olan amillərdən birinə çevrildi. Bir də Azərbaycanda xroniki problemlər var ki, bu da inhisarçılıqdı, məmur biznesidir. Bütün bunlar qiymət artımında rol oynayan amillərdəndir."

Natiq Cəfərli həmçinin ölkədə inflyasiyanın artdığı dönəmdə manatın dollara məzənnəsinin sabit qalmasını real saymır. Ekspert idxal mallarının bahalaşmasının səbəblərinə də toxunub: “Bizdə manatın özünün alıcılıq qabiliyyəti düşür. Ən azı devalvasiyaya qədər təhlükəli prosesdir. Məzənnə yerində qalır. İnzibati qaydada tənzimlənir. Amma alıcılıq qabiliyyəti düşür. Xaricdən gələn məhsulların qiymətinin özü artıb. Təsəvvür edin ki, ərzaq indeksi 20 faiz artıb. Son il yarımda, qeyri-ərzaq mallarının indeksi təqribən 18 faiz artıb. Yəni bütün bunlar xaricdən alınan bütün məhsulların özlərinin bahalaşmasına səbəb olub. Dollar ifadəsində bahalaşmaya səbəb olub ki, Azərbaycana gələndə də təbii ki, məzənnə dəyişməsə də yerində qiymətlərin bahalaşması idxal olunan malların qiymətninin artmasına , inflyasiyanın sürətlənməsinə səbəb olur."

Natiq Cəfərli deyir ki, Azərbaycanda inflyasiyanın qarşısını almaq üçün ilk növbədə dövlət tərəfindən tənzimlənən qiymətlər aşağı salınmalıdır.

“Azərbaycanda dövlət tərəfindən tənzimlənən qiymətlərin ucuzlaşdırılması mümkündür. İndi bu addımı atacaqlar, yoxsa yox, deyə bilmərəm. Məsələn, dizel yanacağının, benzinin, elektrik enerjisinin, təbii qazın qiymətini 20-25 faiz ucuzlaşdırmaq olar. Bu avtomatik olaraq inflyasiyanı azaldan səbəblərdən birinə çevriləcək. Və yaxud ölkə daxilində istehsalı olmayan, amma, gündəlik tələbat məhsullarına aid olan ərzaq və dərman preparatlarının vergi dərəcəsini və gömrük rüsumunu sıfırlamaq mümkündür. Bilirsiniz ki, xaricdən gələn məhsullara 15 faiz gömrük dərəcəsi var, 18 faiz da əlavə dəyər vergisi ödənilir. Məsələn, hökümət onu bir illik dondura bilər. Nə gömrük nə də vergi rüsumları almaya bilər. Və yaxud minumum səviyyəyə sala bilər. Bu həmən bazara da təsir göstərəcək".

Əli Əsədov

Xatırlatma

Yanvarın 18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə antiinflyasiya tədbirlərinə toxunulub. Müşavirədə dövlət qurumlarına qısa müddətdə "Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında" Tədbirlər Planı hazırlanması tapşırılıb.