Yanvarın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun 11 il həbsə məhkum edilməsi barədə hökm çıxarıb.
Məhkəmədə müdafiə tərəfi müttəhimin 5,3 milyon manat məbləğində zərəri ödədiyi, törətdiyi əməldən peşman olduğu, istintaqla əməkdaşlıq etdiyi, habelə, iki yetkinlik yaşına çatmayan uşağının olduğu nəzərə alınaraq şərti cəza verilməsi barədə vəsatət qaldırıb.
Lakin məhkəmə Sultanovu ciddi rejimli koloniyada cəza çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edib.
Sultanov və mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov 2020-ci ilin mayında korrupsiya və vəzifədən sui-istifadə ittihamı ilə həbs edilib.
Sonradan Bayramovun barəsində iş ayrıca icraata götürülərək 8 il müddətinə azadlıqdan məhrum edilib.
Daha sonra Apellyasiya Məhkəməsi cəza müddətini 4,5 ilə endirib.