Vəkil: Vergi orqanı Hafiz Məmmədovdan müddəti keçmiş borcları ödəməyi də tələb edir

Hafiz Mamedov

İş adamı Hafiz Məmmədovun xüsusilə külli miqdarda vergi borcunu ödəmədiyinə görə həbs edildiyi bildirilir. Vəkilləri onun barəsində həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatət verib.

Vəkil Orxan Cəfərbəyli Amerikanın Səsinə bildirib ki, vəsatətə yanvarın 31-də baxılması gözlənilir.

"Bakı" futbol klubunun sabiq prezidenti Hafiz Məmmədov barəsində yanvarın 27-də Bakının Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə 2 ay 15 gün müddətinə (aprelin 12-dək) həbs qətimkan tədbiri seçilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi Məmmədovu faktiki rəhbərlik etdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə günahlandırıb. Ona qarşı Cinayət Məcəlləsinin 213.3 maddəsi ilə (Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) cinayət işi başlanıb.

Hafiz Məmmədov yanvarın 27-də həbsindən öncə yerli mediaya bildirib ki, onun 4 şirkəti olub.

“Şirkətlərimdə çalışan əməkdaşlara görə, 652 min Dövlət Sosial Müdafiə Fonduna (DSMF) borcum yaranmışdı. Şirkətlərim müflis olduğundan bunu edə bilmədim. Məhkəmə də bu günə kimi vaxt vermişdi. Bu gün də həmin borcu ödədim,” o qeyd edib.

Vəkil Orxan Cəfərbəyli Amerikanın Səsinə deyib ki, Hafiz Məmmədovun vergi borcunun cəlb edilən hissəsi 400 min manatdır.

“Hafiz Məmmədov cəlb olunan vergi borcunu ödəyib. Lakin, vergi orqanı müddəti keçmiş borcları da ödəməyi tələb edir,” vəkil qeyd edib.

Bununla yanaşı, Məmmədovun vəkillərindən biri yerli mediaya deyib ki, onun vergi və sosial ödənişləri ilə bağlı borcu 1,5 milyon manat hesablanıb.

Hafiz Məmmədov 1990-cı illərdən ölkədə bizneslə məşğulduir. O hazrki iqtidara yaxınlığı ilə tanınan biznesmenlərdəndir.

Məmmədov 2003-cü ildən bu günədək "Baghlan Group FZCO"-nun prezidenti vəzifəsində çalışır.

O, 2004-cü ilin noyabrında "Bakı" Futbol Klubunun prezidenti, 2005-ci ildən AFFA İcraiyyə Komitəsinin üzvü olub. 2013-2015-ci illərdə Hafiz Məmmədovun maliyyə dəstəyi ilə İspaniyanın Atletico” futbol klubu oyunlara üzərində “Land of fire Azerbaijan” (Odlar yurdu Azərbaycan) yazılmış idman geyimində çıxıb. O 2013-cü il iyulun 3-də Fransanın ikinci liqasında oynayan “Lans” futbol klubunu alıb. Sonradan bu klubu saxlaya bilməyib.