Ukrayna Xarici İşlər Naziri Dmitro Kuleba cümə axşamı bildirib ki, Ukrayna heç bir hücum planlaşdırmır və o, Rusiya-Ukrayna sərhədində böhranı həll etmək üçün diplomatik səylərin davam etməsini gözləyir.
“Biz diplomatik yola sadiqik və münaqişəyə diplomatik həll yolu tapmaq üçün Rusiya ilə müxtəlif səviyyələrdə əməkdaşlıq etməyə hazırıq,” Kubela mətbuat konfransında bildirib. “Lakin Rusiya döyüşməyə qərar versə, biz buna cavab verəcəyik. Bu bizim ölkəmizdir və biz onu müdafiə edəcəyik.”
Ukrayna, Rusiya, Fransa və Almaniyadan rəsmilər çərşənbə günü Parisdə danışıqlar aparıb və Berlində də yeni danışıq raundu keçirməyə razılaşıb.
“Heç nə dəyişməyib, bu pis xəbərdir,” Kuleba müxbilərə bildirib. “Yaxşı xəbər odur ki, məsləhətçilər iki həftə sonra Berlində görüşməyə razılaşıb. Bu isə o deməkdir ki, Rusiya növbəti iki həftədə böyük ehtimalla diplomatik yolda qalacaq.”
Rusiya cümə axşamı bildirib ki, Birləşmiş Ştatlar silahlı münaqişənin qarşısını almaq çağırışının bir hissəsi olaraq göndərdiyi məktubda Rusiyanın əsas təhlükəsizlik tələbini qarşılamayıb.
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, dialoqun davam etdirilməsi mümkündür və ABŞ-ın cavabını nəzərdən keçirmək üçün Rusiya tərəfinin vaxta ehtyacı olacaq.
Moskvanın təhlükəsiz zəmanətləri ilə bağlı tələblərinə NATO-nun şərqə, xüsusilə də Ukrayna və Gürcüstana doğru genişlənməsini dayandırması, habelə NATO-nun Şərqi Avropadakə qoşunlarını geri çəkməsi daxildir.
Birləşmiş Ştatlar həmin tələbləri rədd edib və Rusiyanın Ukrayna ilə sərhəddəki qüvvələrini geri çəkməsini tələb edib və bunun əvəzinə Moskva ilə hərbi təlimlər və şəffaflıq, eləcə də raketlərin yerləşdirilməsi məsələsində dialoq aparmağı təklif edib.
ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan çərşənbə günü sənədi Rusiya Xarici İşlər Nazirliyinə şəxsən təqdim edib. Bundan əlavə NATO da Rusiyaya Avropanın təhlükəsizliyi ilə bağlı öz cavablarını təqdim edib.
Rəsmilər cavablarda Kremlin narahatlıqlarını aradan qaldırmaq, habelə bütün tərəflərə diplomatiya aparmaq şansı vermək üçün yollar irəli sürüblər.
“Bizim təqdim etdiyimiz sənədə Birləşmiş Ştatlar, müttəfiqlərimiz və tərəfdaşlarımızın Rusiyanın təhlükəsizliyə xələl gətirən addımları ilə bağlı narahatlıqları, Rusiyanın qaldırdığı narahatlıqların prinsipial və praqmatik qiymətləndirməsi və bizim ortaq məxrəcə gələ biləcəyimiz məsələlərlə bağlı təkliflərimiz daxildir,” ABŞ Dövlət Katibi Antoni Blinken mətbuat konfransı zamanı müxbirlərə bildirib.
Blinken Rusiya tərəfi ABŞ-ın cavabını nəzərdən keçirəndən sonra növbəti günlərdə Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla danışıq aparmağı gözlədiyini deyib.
“Dəfələrlə dediyim kimi, onlar diplomatiya və dialoq yolunu seçsələr də və ya Ukraynaya yenidən təcavüz etməyə qərar versələr də, biz hə ikisinə də hazırıq,” Blinken müxbirlərə bildirib.
ABŞ rəsmiləri təfərrüatları bölüşməsələr də, Vaşinqton və Moskvanın konsensus əldə edəcəklərinə və Avropadakı raketlərlə əlaqədar silahlara nəzarət məsələlərində irəliləyiş əldə edəcəklərinə dair ümidini ifadə edib.
NATO baş katibi Yens Stoltenberq çərşənbə günü müxbirlərə bildirib ki, təcililik hissi artır və o, Moskvanı “Ukrayna, Gürcüstan və Moldovanın razılığı olmadan həmin ölkələrə yerləşdirilən qüvvələrini geri çəkməyə çağırıb.”
“Biz kritik bir anla üzləşirik,” o deyib və xəbərdarlıq edib ki, Rusiya Ukrayna ilə sərhədində 100 mindən çox qoşun yerləşdirib və artıq əlavə qoşun da göndərilir.
“Biz həmçinin təkcə Ukrayna və ətrafında deyil, Belarusda da daha çox qoşun olduğunu görürük ki, Rusiya oraya minlərlə döyüş dəstələri, yüzlərlə təyyarə, S-400 havadan müdafiə sistemləri və çox sayda başqa qabaqcıl avadanlıq göndərmək prosesindədir,” Stoltenberq əlavə edib.
“Biz Rusiyanın narahatlıqlarını dinləmişik. Biz həmçinin Rusiyanın yazılı cavab istəyini də eşitmişik,” o deyib. “Bu, onların yaxşı niyyət göstərmək və oturub, ortaq məxrəcə gəlmək istəklərinin olub-olmadığından asılıdır.”
Kyiv çərşənbə günü ABŞ-ın Rusiyaya yazılı cavab göndərməsinə qarşı çıxmayıb və ölkə sərhədlərində habelə Rusiya qüvvələrinin işğal etdiyi Ukrayna ərazilərində toplaşan Rusiya qoşunlarından təhlükənin olduğunu qəbul edib.
Ancaq Kubela panikaya ehtiyacın olmadığını təkid edib.
“Hazırda Ukrayna sərhədindəki qoşun sayı Ukraynaya qarşı genişmiqyaslı hücum üçün yetərli deyil,” o deyib.
Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya qarşı gözlənilən hərbi addımını istisna etməsə də, Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Qış Olimpiya oyunlarının açılış mərasiminə ev sahibliyi edən Çini narahat etmək istəməz.
“Biz Putinin indidən fevralın ortasına qədər haçansa hərbi gücdən istifadə edəcəyinə dair işarələr görürük,” Dövlət Katibinin müavini Vendi Şerman çərşənbə günü Avropanın təhlükəsizliyi ilə bağlı keçirilən Yalta Acropa Strategiyasının virtual tədbirində bildirib.
“Biz hamımız bilirik ki, Pekin Olimpiadası – açılış mərasimi- fevralın 4-də başlayır və Putinin orada olacağı gözlənilir,” Şerman əlavə edib. “Düşünürəm ki, Putinin Ukraynaya hərbi müdaxilə etmək üçün həmin zamanı seçməsi, böyük ehtimalla, Prezident Şi Tsinpin xoşuna gəlməz. Ona görə də bu, onun zamanlaması və düşüncəsinə təsir göstərə bilər.”
Bəzi təhlilçilər bu qiymətləndirmə ilə razılaşırlar və bildirirlər ki, Rusiyanın hərbi logistikası “kütləvi hərbi əməliyyatlara başlamaq üçün tam işə salınmayıb.”
“4-20 fevral tarixlərində Çində keçiriləcək Qış Olimpiya Oyunları möhlət verir,” Londonda qərargahlanan Chatham House təşkilatının Rusiya və Avrasiya proqramının tədqiqaçısı Matyo Buleq bildirib. “Moskva Pekinlə münasibətləri qorumaq üçün 2008-ci ilin avqustundakı əməllərini təkrarlamaqdan çəkinə bilər. Həmin zaman Rusiya, Pekin Yay Olimpiadasının açılış mərasimində Gürcüstanda qarşı hərbi əməliyyata başlamışdı.”
Kyivdəki ABŞ səfirliyi Amerika vətəndaşılarını ölkəni dərhal tərk etməyi nəzərdən keçirməyə çağırır və buna görə “çox az xəbərdarlıqla pisləşə biləcək” “təxmin edilə bilməyən” təhlükəsizlik vəziyyətini səbəb göstərib.