Yanvarın 26-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində Strasburqda Avropanın müxtəlif ölkələrindən olan 14 vətəndaş cəmiyyəti qurumu Avropada Hüquqların Müdafiəsi Kampaniyası (the Campaign to Uphold Rights in Europe – CURE) elan edib.
Azərbaycanda azad seçkilər, siyasi azadlıqların müdafiəsi və demokratik institutların formalaşması yönündə çalışan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi CURE-nin təsisçilərindən biridir.
CURE-nin daimi katibliyi Strasburqda fəaliyyət göstərəcək. Qurumun İdarə Heyəti və Məşvərət Şuraları dövrü olaraq toplaşıb, müvafiq tövsiyə və qərarlar verəcək.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) icraçı direktoru Məmməd Məmmədzadə Amerikanın Səsinə bildirib ki, CURE Avropa Şurası (AŞ) insan hüquqları, demokratiya və qanunun aliliyi sahəsində ümumavropa hüquqi bazanın himayəçisi və təşviqçisi kimi çıxış edəcək.
“Avropa Şurasına üzv dövlətlər siyasi iradənin olmaması və ya digər siyasi mülahizələrin üstünlük təşkil etməsi, habelə dövlətlər arasında fikir ayrılıqları səbəbindən əsas insan hüquqları və qanunun aliliyi pozuntularının həlli də daxil olmaqla, mühüm məsələlərdə sistematik olaraq birgə hərəkət edə bilmirlər. Buna görə də AŞ-nin, o cümlədən onun Nazirlər Komitəsinin (NK) ciddi və sistemli pozuntulara təsiri çox məhdud olaraq qalır. Bu mənfi nümunə pozuntu qurbanlarını müdafiəsiz qoyur, cəzasızlıq və təkrarlanan pozuntulara səbəb olur,” o, qurumun sənədlərinə istinadən qeyd edib.
CURE təsis sənədində deyilir ki, hələ də bir sıra üzv dövlətlər tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası əsas problem olaraq qalır və bu, Avropa İnsan Hüquqları Konvensiyası (AİHM) əsasında yaradılmış bütün müdafiə sistemini sarsıdır.
“Dövlətlərin AİHM qərarlarını həqiqi şəkildə yerinə yetirmək və AŞ orqanlarının tövsiyələrini əməl etmək öhdəliyinin olmaması həm də AŞ qərarları ilə üzv dövlətlərin xarici siyasətləri arasında əlaqənin kəsilməsində özünü göstərir. Bu xroniki problemlərlə yanaşı, son on ildə bir sıra böhranlar Avropa Şurasını sarsıtmış, onun etibarını sarsıtmış və Azərbaycan, Rusiya, Türkiyə kimi avtokratik hökumətlərə malik ölkələrdə AŞ-nin missiyasının effektiv şəkildə yerinə yetirmək qabiliyyətini şübhə altına qoymuşdur. Bu hallar digər üzv dövlətlər – Bolqarıstan, Macarıstan, İtaliya, Malta və Polşanın AŞ orqanlarının çağırışlarına ləng və qeyri-ardıcıl reaksiyası ilə müşayiət olunmuşdur,” CURE-nin yaydığı məlumatda qeyd edilir.
CURE müvafiq vətəndaş cəmiyyəti təşkilatlarını, hökumətləri, diplomatları, parlament üzvlərini, AŞ rəsmilərini və əməkdaşlarını, hüquqşünasları, ekspertləri, jurnalistləri və fəal vətəndaşları kampaniyaya dəstək verməyə çağırır.