Azərbaycanda koronavirusa yoluxanlar üçün karantin müddəti 7 günə endirilib

Koronavirus

Azərbaycanda koronavirusa yoluxan şəxslər üçün karantin müddəti 14 gündən 7 günə endirilib.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Ərazi Tibb Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında deyilir ki, bu addım SARS-CoV-2 virusunun “omikron” ştamının yayılması ilə əlaqədar bu xəstəliyə qarşı mübarizə tədbirlərinə yenidən baxılması haqda Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq atılıb.

Bununla əlaqədar yeni ştamın spesifik xüsusiyyətləri nəzərə alınaraq, test strategiyası, karantin müddəti, pasiyentlərin müşahidə və müalicə metodlarında dəyişikliklər edilir.

Odur ki, beynəlxalq təcrübə və son elmi tədqiqatların nəticələri nəzərə alınaraq, yanvarın 24-dən SARS-CoV-2 üzrə PCR testinin müsbət nəticəsi olan şəxslərin və onlarla sıx təmasda olanların izolyasiya müddəti 7 günədək azaldılır.

Səhiyyə Nazirliyi həmçinin koronavirus infeksiyasının omikron ştammı ilə bağlı tövsiyələrlə əhaliyə müraciət edib.

Müraciətdə xatırladılır ki, maska taxılmalı, tez-tez əllər yuyulmalı və ya antiseptik vasitələrdən istifadə edilməli, fiziki məsafə saxlanılmalı, insanların sıx toplaşdığı yerlərdən uzaq durmalı, vaksin olunmalı, virusa yoluxma halında özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid etməli, təcrid olunan yeri tez-tez havalandırmalı, gün ərzində 2 dəfə bədən hərarəti ölçülməli, bol maye qəbul edilməlidir. Eyni zamanda yataq rejiminə riayət edilməlidir, hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edilə bilər.

Əgər qızdırmasalıcı dərmanların qəbuluna baxmayaraq, yüksək temperatur 5 gündən çox davam edərsə, həkimə müraciət etmək lazımdır.

Səhiyyə Nazirliyi səriştəsiz adamların tövsiyəsilə ev şəraitində müalicə almamağa, həkim təyinatı olmadan antibiotik, antiviral, hormonal, immunitet artırıcı müalicələrdən və venadaxili mayelərin köçürülməsindən uzaq durmağa çağırıb.

Həmçinin vətəndaşlar buster doza ilə vaksin olmağa çağırılır.

Xatırladaq son günlər ölkədə koronavirusa yoluxanların sayı sürətlə artaraq min nəfərdən çox olub. Son sutkada yoluxanların sayı 1068 nəfər olub.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

2021-ci il iyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

Ölkədə 2021-ci il sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

Azərbaycanda keçən il fevralın 18-dən vaksinasiya başlayıb. Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 765 min 37, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 209 min 461, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 724 min 359 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 831 min 217 nəfər təşkil edir.