ABŞ-ın omikronla bağlı səyahət tövsiyəsi kanadalıları narahat edib

Keçən həftə Birləşmiş Ştatların Kanadanın təhlükəsiz olmadığını elan edərək, amerikalılara şimal sərhədlərindən keçməməyi tövsiyə etməsi COVID-19-a qarşı vaksinasiya nisbəti yüksək olan və üz maskaları taxmaq məcburiyyəti ilə sakitcə qürur duyan kanadalıları təəccübləndirib.

"ABŞ hökumətinin Kanadanı amerikalıların səyahət etməkdən çəkindirmək üçün COVID təhlükəsinin ən yüksək olduğu yerlər siyahısına salması məni çaşdırıb" - deyə, Kanadanın əczaçılıq nəhəngi GlaxoSmithKline ilə işləyən Qrant Perri bildirib.

Perri müsahibəsində "COVID bütün qitədə yayılıb, lakin Kanada narahatedici yer deyil" deyib.

ABŞ Dövlət Departamenti yanvarın 10-da veb səhifəsində açıq şəkildə "COVID-19 səbəbilə Kanadaya səyahət etməyin" yazıb.

ABŞ-da 63% olduğu halda, əhalisinin 78%-i tam peyvənd edilən və üz maskalarının istifadəsinə daha az müqavimət göstərən Kanadada omikronun gəlişindən əvvəl müəyyən bir arxayınlıq yaranmışdı.

Hətta bu gün belə adambaşına yoluxma və xəstəxanaya yerləşdirmə halları ABŞ-dan daha aşağıdır, ancaq bununla belə səhiyyə üzrə mütəxəssislər hazırda ölkənin hökumət tərəfindən idarə olunan səhiyyə sistemində çətinliklərə səbəb olan halların artmasından narahatdır.

Kanada xəbər agentliklərinə tez-tez müsahibə verən Toronto Universiteti Tibb fakültəsinin eksperti İsaak Boqoç "Kanada hazırda omikronla doludur və səhiyyə sistemimiz gərgin vəziyyətdədir" deyib.

Kanadada orta hesabla yeddi günlük yeni yoluxma halları yanvarın 10-da, yəni ABŞ-ın Kanadaya səfər əleyhinə tövsiyəni etdiyi gün, 46 mindən çox olub və hazırda 26 mindən çoxdur. Google-un məlumat bazasına görə, bu rəqəmlər 2021-ci ilin yanvar və aprel aylarında gündəlik yoluxma hallarının 9 mindən az olduğu vaxtla müqayisə edilir.

Məlumat bazasında həmçinin xəstəxanaya yerləşdirilmə hallarının təxminən 9,700 olduğunu və əvvəlki pik nöqtə ilə müqayisədə 4,800-dən az olduğunu göstərib.

Gərginlik pandemiyadan əvvəl də bəzi bölgələrdəki problemli səhiyyə sistemində islahat çağırışlarına səbəb olub.