Sumqayıt Apellyasiya Məhkəməsi jurnalistin şikayətini təmin etməyib

Cəmil Məmmədli

Bu gün, yanvarın 21-də Sumqayıt Apellyasiya Məhkəməsi hakim Elman Əhmədovun sədrliyi ilə jurnalist Cəmil Məmmədlinin şikayətini təmin etməyib.

Jurnalist Xaçmaz rayon Məhkəməsində onun işini aparan məhkəmə heyətinə etiraz edərək 2021-ci il dekabrın 11-də Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət edib.

Xaçmaz rayon Məhkəməsində 2021-ci ilin martından başlayaraq hakim Anar Sadıqovun sədrliyi ilə Cəmil Məmmədliyə qarşı Quba rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyevin xüsusi ittiham qaydasında iddia ərizəsi üzrə məhkəmə prosesi davam etdirilir.

Məhkəmə jurnalisti Cinayət Məcəlləsinin 147.2 (ağır, xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma), 148-ci (böhtan) maddələri ilə təqsirləndirilən şəxs qismində tanıyıb.

Cəmil Məmmədli məhkəmə heyətinə etiraz etməsini onun və vəkillərinin vəsatətlərinin təmin edilməməsinin səbəb olduğunu deyib.

“Məhkəməyə vəsatət veririk ki, rüşəvt verən və rüşvət alan şəxslər məhkəmədə ifadə vermək istəyir. Əslində məhkəmə həmin şəxslərin ifadələrini dinləyib hüquqi qiymət verilməsi üçün prokurorluğa müraciət etməlidir. Amma hakim vəsatəti təmin etmir ki, vaxtı deyil. Hansı ki, mənim yazımda həmin şəxslərə istinad edilib,” o, Amerikanın Səsinə deyib.

Quba rayon (Bakıdan 168 kilometr şimal) İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev müstəqil jurnalist Cəmil Məmmədlini xüsusi ittiham qaydasında məhkəməyə verib. Əliyev jurnalistin ona sosial şəbəkələrdə böhtan atdığını və təhqir etdiyni iddia edir.

Bu jurnalsitin Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə bağlı araşdırma videolarından sonraya təsadüf edir.

Cəmil Məmmədli hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərir. O, əvvəllər Azadlıq radiosunun bölgə müxbiri olub.