Ankarada təbrizli sənətkar Həsən Dəmirçinin xatirəsi anılıb

Ankarada təbrizli musiqiçi və ictimai xadim mərhum Həsən Dəmirçinin xatirəsi anılıb.

2018-ci ilin iyun ayında vəfat edən tanınmış sənətkarın anım mərasimi çərşənbə günü onun 80-ci doğum günündə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən keçirilib.

Türkiyənin Anadolu agentliyinin xəbərinə görə, mərasimin başlanğıcında Həsən Dəmirçinin həyat hekayəsini anladan “Dəmir Mizrab” adlı sənədli film nümayiş etdirilib.

Tədbirdə həmçinin Azərbaycan Respublikasının Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı nümayəndəsi Elçin Qafarlı, Avrasiya Yazarlar Birliyinin başqanı Ömər Yaquboğlu və Ankara Universitetinin müəllimi türkoloq Məhəmməd Rza Heyət nitq söyləyiblər.

Həsən Dəmirçi

2018-ci ildə 77 yaşında ürək xəstəliyi səbəbilə vəfat edən tanınmış musiqiçi, türk fəal və ictimai xadim Həsən Dəmirçi şəxsi təşbbüsləri ilə Təbrizdə musiqi məktəbi təsis edib və gənc sənətkarları dəstəkləyərək, İran Azərbaycanında bir çox musiqiçi və müğənninin yetişdirilməsində önəmli rol oynayıb.

O, türk dil haqları uğrunda mübarizədə həmçinin İran Azərbaycanına qarşı iqtisadi ayrı-seçkiliklərə etirazlarda fəal iştirakından əlavə zəlzələ kimi təbii fəlakətlərin baş verdiyi zamanlarda da yardım kampaniyalarının təşkilində öndə gedən ictimai xadimlərdən olub.

SEE ALSO: Həsən Dəmirçinin sənət, aktivizm və həbs həyatı [Audio-Müsahibə]

Xüsusilə İran Azərbaycanında böyük üsyanın baş qaldırdığı 2006-cı ilin may ayından sonra Həsən Dəmirçi mütəmadi şəkildə İranın təhlükəsizlik qurumlarının təhdid və basqılarına məruz qalırdı. O dəfələrlə həbs edilmiş və Təbrizdə tədris etdiyi musiqi məktəbi təhlükəsizlik qurumunun göstərişi ilə qapadılmışdır.