Ərdəbil, Zəncan və Həmədanda təqaüdçülər aksiya keçirib

İranda müxtəlif ictimai siniflər məişət şəraiti ilə əlaqədar etirazlarını nümayiş etdirməyə davam edirlər. İran Azərbaycanının bəzi şəhərləri daxil olmaqla, ölkənin bir çox bölgəsində təqaüdçülər etiraz aksiyaları təşkil edib.

Sosial şəbəkələr və internet portallarında dekabrın 28-də Tehran, Ərdəbil, Zəncan, Həmədan, Qurvə, Qum və Qəzvin kimi şəhərlərdə təqaüdçülərin təşkil etdiyi etiraz aksiyalarından görüntülər yayılıb.

İLNA (Iranian Labour News Agency) agentliyinə istinadən, təqaüdçülər Tehranda İslami Şura Məclisi (İran Parlamenti), bəzi digər şəhərlərdə isə Pensiya Fondu İdarələrinin önündə toplaşıblar.

Agentliyin xəbərinə görə, məişət şəraitinə etiraz edən təqaüdçülər pensiyaların həyat xərcləri və inflyasiya faizinə mütənasib artırılmasını, habelə maaşların tənzimlənmə layihəsinin tətbiq edilməsini tələb edirlər.