Ekspert: Azərbaycanda 800 min nəfər saatı 2 manata işləyir

Minimum əmək haqqı

Sahibkar Səda Həsənovanın son günlər çək-çeviri, qayğıları artıb.

O Bakıda kiçik bir kafe işlədir. 4 işçisi var, hərəsinə ayda 250 manat maaş verir. Amma yanvarın 1-dən o işçilərin maaşını 50 manat artırıb, azı 300 manat ödəməlidir.

Dekabrın 17-də prezident İlham Əliyev minimum aylıq əməkhaqqının 250 manatdan 300 manata çatdırılması ilə bağlı sərəncam imzalayıb.

Səda Həsənova minimum maaşların artırılmasını yaxşı addım hesab edir, amma deyir ki, sahibkarlara da müəyyən güzəştlər olmalıdır, onların aylıq vergi yükləri azaldılmalıdır:

“İndi mən bu maaşı ödəyə bilmək üçün məcburam ki, 1-2 aydan sonra qiymətləri bahalaşdıram. Çünki başqa cür imkan yoxdur”.

Səda Həsənova deyir ki, həm koronavirus pandemiyası, həm də ölkədəki ümumi bahalaşma onun da işlərinə təsir edib. Elə aylar olub ki, ümumiyyətlə, ziyana işləyib.

Səda Həsənova deyir ki, indiyəcən dövlətə hər işçiyə görə ümumilikdə 70 manat sosial ödənişlər edirdilər. Bunun 25 faizi sosial müdafiə fonduna, 1 faizi işlizikdən məcburi sığorta haqqı, 2 faizi isə icbari tibbi sığorta ödənişləri idi. Amma 2022-ci ildən həm minimum əməkhaqqı artandan, həm də icbari tibbi sığorta haqqı 2 faizdən - 4 faizə qaldırılandan sonra işəgötürən və işçi ümumilikdə ayda 90 manat ödəməli olacaq.

Gürcüstan yolu

İşadamı Nazim Bəydəmirli yada salır ki, ayda 28 faiz sosial ödəniş ancaq minimum əmək haqqı ödəyən sahibkarlara aiddir. 250 manatdan yuxarı maaş ödəyənlər sahibkarlar isə 14 faiz əlavə dəyər vergisi də ödəyirlər. 2022-ci ildən isə onların hər bir işçiyə görə dövlətə etdikləri sosial ödənişlər 44 faiz olacaq:

“Gürcüstanın illər öncə ikili mühasibatlığı ləğv etmək metodu maaşdan tutulan vergi və sığorta haqlarının azaldılması yolu oldu. Gəlir vergisi ilə sosial sığorta haqlarını birləşdirib 2 dəfə azaldaraq 20%-lik "sosial vergi" tətbiq edildi, heç kəs də rəsmidə bir maaş, reallıqda başqa maaş vermir. Azərbaycanda maaşdan tutulan vergi və sosial ödənişləri artıraraq minimum həddini 44%-ə çatdırıblar”.

Azərbaycan hökuməti isə bəyan edir ki, əsas hədəfi əhalinin sosial rifahını artırmadır. Rəsmi açıqlamalarda sahibkarlara, özəl sektora dövlətin qayğı göstərdiyi xüsusilə vurğulanır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi minimum əmək haqlarının artırılmasını da vətəndaş rifahının təminatı istiqamətində islahatların növbəti mərhələsi kimi dəyərləndirir. Nazirliyin yaydığı məlumatda bildirilir ki, minimum aylıq əməkhaqqının artımı 800 min nəfərə şamil olunacaq. Dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min işçinin mövcud əməkhaqları yanvar ayından artacaq.

Nazirlik yada salır ki, 2018-ci ildən bəri Azərbaycanda minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb.

Bu faciəvi göstəricidir

İqtisadçı ekspert Zöhrab İsmayıl deyir ki, ayda 300 manatı iş saatına böləndə bir saata heç iki manat da düşmür. O, belə bir göstəricini faciəvi sayır, insanların gəlirinin əslində nə qədər az olduğunun bir daha sübutu kimi dəyərləndirir:

“İndi rəsmi açıqlama verirlər ki, minimum əmək haqqının artması 800 min nəfərə şamil edilir. Təsəvvür edirsinizmi, məlum olur ki, Azərbaycanda 800 min nəfər işçi ayda cəmi 250 manat alırdı. İndi artımlardan sonra da 300 manat alacaq. Azərbaycanda indiki durumda bu pulla dolanmaq mümkün deyil. Hələ bunun ailəsi varsa, kirayədə qalırsa”.

Prezident İlham Əliyevin dekabrın 17-də imzaladığı başqa bir sərəncamla Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları da orta hesabla 20 faiz artırılıb.

Ümumilikdə, bu artımın da 4 min işçiyə şamil olunduğu deyilir.

Amma hökumətin tənqidçiləri mövcud durum, infliyasiya və bahalığı nəzərə alanda bu artımları da yetərli saymırlar.