ABŞ İranla danışıqlarda "irəliləyiş"in olduğunu bildirir

ABŞ bildirir ki, İranla 2015-ci il nüvə razılığını canlandırmaq məqsədilə aparılan dolayı danışıqların cümə günü başa çatan ən son raundunda kiçik irəliləyişlər əldə olunub. Lakin ABŞ həmçinin Tehranla dünya qüdrətləri arasında əldə olunan razılığın sürətli şəkildə çökməsinin qarşısını almaq üçün hələ çox işin görülməli olduğunu bildirir.

ABŞ Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi müxbirlərlə telefon danışığı zamanı ABŞ, İran və iki tərəf arasında vasitəçi qismində olan digər beş dünya qüdrətinin iştirakı ilə keçirilən danışıqlarda iki “kiçik” irəliləyiş barədə məlumat verib.

Bunlardan biri İranın çərşənbə günü Beynəlxalq Atom Enerjisi Agentliyinə BMT müfəttişlərinin İranın Karac şəhərində qabaqcıl sentrifuqalar istehsal edən nüvə obyektini müşahidə etməyə imkan verən kameraların yenidən quraşdırılmasına icazə verməsidir. Həmin kameralar iyun ayında zərər görmüşdü və İran bunu regiondakı düşməni İsrail tərəfindən təxribat aktı adlandırmışdı. İsrail isə bunu nə qəbul nə də inkar edib.

ABŞ rəsmisinin istinad etdiyi ikinci irəliləyiş ABŞ və İranın ABŞ-ın Tehrana qarşı sanksiyalarının aradan qaldırılması müqabilində İranın nüvə proqramının hansı hissələrinin məhdudlaşdırılacağına əsas olaraq xidmət göstərəcək mətnlə bağlı ortaq anlayışıdır.

Lakin ABŞ rəsmisi bu mətnlə bağlı nikbin olmamaq barədə xəbərdarlıq edib.

“Orada təhlil etməli olduğumuz məsələlər yer alıb, qəbul ediləcək həll yolları deyil. Hələ görüləcək çox iş var,” rəsmi deyib.

ABŞ rəsmisi həmçinin deyib ki, İranın nüvə proqramında əldə etdiyi son irəliləyişlər Tehranın 2015-ci il nüvə razılığında qeyd olunan məhdudiyyətləri tətbiq etməsini zəruri edir, çünki Qərb bu irəliləyişlərin silah istehsalına gətirib çıxaracağından narahatdır.

Nüvə fəaliyyətinin dinc məqsəd daşıdığını bildirən İran ABŞ-ın 2018-ci ildə razılıqdan geri çəkilməsinə cavab olaraq 2019-cu ildən bəri nüvə fəaliyyətinə tətbiq olunan məhdudiyyətləri aşmağa başlayıb.

Cümə günü İranın nüvə danışıqlarındakı baş vasitəçisi və xarici işlər nazirinin müavini Əli Bageri Kani Twitter-də Vyanada İranın ABŞ-la dolayı danışıqlarının yeddinci raundunda “müsbət irəliləyişin” olduğuu yazıb. Bundan öncə aprel ayından iyun ayına qədər altı raund danışıq aparılıb.

Bageri Kani əlavə edib ki, İran “bir neçə günlük fasilənin ardınca danışıqlara davam edəcək.” Danışıqlardakı tərəflərdən heç biri müzakirələrin nə zaman yenidən başlayacağını bildirməyib.

İran Vyanadakı prioritetinin ABŞ sanksiyalarının aradan qaldırılması olduğunu deyib. Bu sanksiyalar onsuz da hökumətin korrupsiyası və pis idarəetməsi səbəbilə pis vəziyyətdə olan iqtisadiyyatını zəiflədib. Tehran bunun müqabilində hansı nüvə fəaliyyətlərini məhdudlaşdıra biləcəyini açıq şəkildə söyləməyi rədd edib.