Ukraynanın Baş naziri: Çevrilişin hazırlanmasının arxasında Rusiya dayanır

Ukraynanın Baş naziri Denis Şmihal çərşənbə axşamı Ukraynada dövlət çevrilişinə cəhdin arxasında Rusiyanın dayandığına əminliyini ifadə edib. Bu barədə danışan Ukraynanın Baş naziri müvafiq kəşfiyyat məlumatlarına istinad edib.

Hazırda Aİ-nin yüksək səviyyəli rəsmiləri ilə danışıqlar aparmaq üçün Brüsseldə olan Şmihal bildirib ki, Rusiyanın bu kimi davranışlarının əsas səbəblərindən biri Ukraynanın bloka qoşulmaq istəyidir və o, hibrid hücumlar, sərhəddə hərbi birləşmələrin cəmləşməsi və Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi də daxil olmaqla, bunu onlara qarşı aqressiya kimi qiymətləndirib.

“Bizdə xüsusi niyyətləri (çevriliş törətmək üçün) nümayiş etdirən məxfi məlumatlar var” - deyə, Şmihal bildirib. Bunun arxasında Rusiya dövlətinin olub-olmaması sualına isə o belə cavab verib: “Şübhəsiz”.

Ötən həftə Kyivdə dövlət çevrilişi hazırlandığını ilk elan edən Ukrayna prezidenti Vladimir Zelenski olub. İllik mətbuat marafonu zamanı o bildirib ki, görkəmli iş adamı Rinat Ahmetovun yaxın çevrəsindən olan insanlar bəzi “Rusiyadan gələnlərlə” ölkədə dövlət çevrilişi ehtimalını müzakirə edirlər.

Zelenski deyib ki, Ahmetovu dövlət çevrilişinə və prezidentə və Ukraynaya qarşı “müharibə” hazırlığı ilə “tarixə sürükləyirlər”. Onun sözlərinə görə, o, iş adamının əslində çevriliş hazırladığına inanmır və ümumiyyətlə “çevrilişlərə inanmır”, eyni zamanda devirilmək cəhdindən də qorxmadığını deyib.