Beynəlxalq Mətbuat Azadlığı Mükafatları təqdim edilib

Your browser doesn’t support HTML5

Beynəlxalq Mətbuat Azadlığı Mükafatları təqdim edilib

2021-ci il Beynəlxalq Mətbuat Azadlığı Mükafat mərasimində mükafatlandırılan cəsarətli jurnalistlər bütün dünyada mətbuat azadlığının həssas vəziyyətinin artımını göstərib.

A Çan Nanq Birmanın Səsi və ya DVB-nin icraçı direktoru və baş redaktorudur.

Onun müstəqil xəbər orqanı Myanmadakı hərbi çevrilişdən sonra xunta hakimiyyəti ələ keçirib mediaya təzyiq göstərməyə başlayanda zərər çəkib.

Nanq mühacirətdə yaşadığı Norveçdən peyk vasitəsilə Birmaya (Myanmaya) DVB-nin verilişlərini yayır.

"2021-ci ilin fevralında baş vermiş çevrilişdən sonra hərbçilər 100-dən çox jurnalisti həbs edib. Hələ də 50-yə yaxın insan həbsxanada saxlanılır" - deyə, o bildirib.

Onlardan 10-dan çoxu Nanqın şirkətinin jurnalistidir.

Nanq Jurnalistləri Müdafiə Komitəsinin 2021-ci il Beynəlxalq Mətbuat Azadlığı Mükafatının laureatlarından biridir.

“Düşünürəm ki, bu mükafat həbsdə olan, eyni zamanda hələ də xəbər vermək üçün mübarizə aparan, həyatlarını, gələcəklərini riskə atan jurnalistlərimizin vəziyyətinə diqqət çəkəcək” - deyə, o bildirib.

Belarus, Qvatemala və Mozambik jurnalistləri də öz ölkələrində media üçün ağır şəraitdə reportaj hazırladıqlarına görə təltif ediliblər.

“Düşünürəm ki, bizim mükafatçılar müstəqil jurnalistika mühitinin hər yerdə, o cümlədən ABŞ-da dəyişdiyini etiraf edirlər və biz də etiraf edirik. Çətinliklər daha böyükdür, mən 25 il əvvəl bu işə başlayanda mövcud olan dərin nikbinlik dövrü idi, təəssüf ki, artıq belə deyil” - deyə, Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Coel Saymon danışıb.

Anastasiya Mehiya bunu şəxsi təcrübəsindən bilir.

Qvatemalalı jurnalist 2020-ci ilin avqustunda doğma şəhəri Coyabacda keçirilən etiraz aksiyasını işıqlandıran yeganə müxbir olub. Daha sonra o, saxlanılıb.

“Məni 36 gün müddətinə azadlıqdan məhrum etdilər, prosesi gecikdirmək üçün dinləmələr təxirə salındı” - deyə, o qeyd edib.

Hakim onun təqsirli olmadığına qərar verib. Lakin Mehiya hələ də qorxur.

“Danışmağa davam etsəm, məni öldürəcəklər, ailəmi məhv edəcəklər” - deyə, jurnalist qeyd edib.

Coel Saymon deyir ki, o, jurnalistikanın gələcəyinə ehtiyatlı nikbinliklə baxsa da, həm də realistdir.

“Mətbuat azadlığı və ya ifadə azadlığı informasiya əsrinin döyüşüdür və biz qalib gəlməliyik və bilməliyik ki, biz həqiqətən çətin və uzun sürən bir mübarizədəyik” - deyə, o bildirib.

A Çan Nanqa gəlincə, o da mətbuat azadlığı uğrunda mübarizədə qalır.

“Düşünürəm ki, bu, həqiqətən də parlaq gələcəkdir; İndi, çevrilişdən demək olar ki, 10 aydan çox vaxt keçsə də, ordu ölkəni, xalqı susdura bilmir və biz ölkənin hər yerindən tonlarla məlumat alırıq” - deyə, Nanq bildirib.

“İlk dəfə 1988-ci ildə Birmanı tərk edəndə Birmaya qayıtmağım 20 il çəkdi. Və bu dəfə ümid edirəm ki, o qədər də uzun sürməyəcək” - deyə, o əlavə edib.