İnsan haqları müdafiəçiləri və media azadlığı təşkilatları dünya miqyasında 180 jurnalistin İsrailin hərbi səviyyəli casus proqramı-Pegasus tərəfindən hədəf alındığı xəbərlərinə görə narahatlıqlarını ifadə edir.
Azərbaycanın əsas xəbər orqanlarında çalışan bir çox jurnalist və redaktorların telefon nömrələri də sözügedən siyahıda yer alır. Onlardan biri də araşdırmaçı jurnalist Xədicə İsmayıldır. O, Amerikanın Səsinə müsahibəsində Pegasus vasitəsi ilə insanların izlənilməsi və dinlənilməsinə qarşı hüquqi prosedurlar, beynəlxalq reaksiyalar və bu barədə aparılan təhqiqatlar barədə danışıb.
Your browser doesn’t support HTML5
Amerikanın Səsi: Pegasus qalmaqalı beynəlxalq aləmdə gözlədiyiniz reaksiyanı verdimi? Bununla bağlı hansısa beynəlxalq təhqiqat aparılırmı?
Xədicə İsmayıl: Bilirsiniz ki, Pegasus insanların şəxsi həyatını telefonlarına xüsusi proqram vasitəsilə daxil olaraq izləyən proqramdır. Bu texnologiyanı müxtəlif hökümətlərə satan şirkət NSO qrup İsraildə yerləşir. Bu, birinci dəfə deyil ki, NSO qrup avtoritar rejimləri və digər insan haqlarını pozan hökmətləri proqramlarla təmin eləyir. Bundan əvvəl də Amnesty İnternational təşkilatı və digər təşkilatlar NSO qrupla bağlı həm narahatlıqlarını bildirmişdilər, həm də o proqramları, casus proqramlarını üzə çıxarmışdılar. Bu da onlardan biri idi. Sadəcə təqdim olunan informasiya və texnologiyanın, proqramın özünün çox müasir olması, jurnalistlərə ötürülən məlumatların genişliyi imkan verdi ki, bu dəfə qalmaqal daha böyük olsun.Təəssüf ki, insan haqları ilə bağlı aspekt məsələsi bir az gözardı edildi. Çünki bu qalmaqalın ortasında daha ünlü isimlər var idi. Fransanın prezidentindən tutmuş hökümət nümayəndələrinə qədər. Amma kifayət qədər səs saldı. Heyf ki, bütün bunlar beynəlxalq səviyyədə bu işləri sona çatdıracaq qədər güclü rezonansa səbəb olmadı. Təəssüf ki, reaksiya o qədər güclü olmadı ki, daha bu şirkətlər bu işləri görməsinlər, daha hökümətlər bu proqramdan istifadə etməsinlər.
Amerikanın Səsi: Bu kimi izləmələr hakim rejimlərə nə üçün lazımdır?
Heyf ki, bütün bunlar beynəlxalq səviyyədə bu işləri sona çatdıracaq qədər güclü rezonansa səbəb olmadı. Təəssüf ki, reaksiya o qədər güclü olmadı ki, daha, bu şirkətlər bu işləri görməsinlər, daha hökümətlər bu proqramdan istifadə etməsinlər.
Xədicə İsmayıl: Əslində, mənim Pegasus araşdırması aparılarkən təqdim olunan məlumatlara göz gəzdirmək imkanım olub, qısa bir müddət ərzində. Mən oradakı telefon nömrələrinə baxdım, mənim telefon kitabçamda olan nömrələr tutuşduruldu oradakı siyahı ilə. Həmin siyahıda gördüyüm nömrələr tamamilə mənə əsas verir deyim ki, sifarişçi çox güman Azərbaycan hökümətidir. Çünki NSO qrup deyib ki, ancaq hökümətlərlə işləyir. Bu sifarişçi kimdirsə onun heç bir leqal səbəbi yox idi bunu etməyə. Yəni orada iqtisadçı ekspertlər var idi, vəkillər var idi, jurnalistlər var idi. Düzdür başqa adamlar da var idi. Ola bilsin ki, orada kiminsə izlənməsinə leqal səbəb olub. Amma mən həm də məhkəmə bazasında axtarış verdim. Bu nömrələrin izlənməsi ilə bağlı elə də çox məhkəmə qərarı yoxdur. Bu, o deməkdir ki, yəni ən azından əksəriyyət məhkəmə qərarı olmadan izlənib. Görünür ki, hökümətin və yaxud bu sanksiyanı verən orqanın heç bir leqal səbəbi olmayıb, bu adamları izləməyə. Güman edirəm ki, sadəcə şəxsi həyata müdaxilə cəhdidir və bu toplanan informasiyanın yeganə bir məqsədi var idi, insanların şəxsi həyatları barədə məlumat toplayaraq sonra şantaj etmək və hökümətə daha loyal münasibətə sövq eləmək və yaxud tənqidçiləri susdurmaq. Bəzi hallarda isə orada təkçə insan haqları müdafiəçiləri və ya jurnalistlər deyil. Orada iş adamları da var idi, başqa kateqoriyadan olan adamlar var idi. Mən güman edirəm ki, bu, şantaj məqsədli və cinayət məqsədli izləmə olub və hansı orqan bu texnologiyadan istifadə edib izləməni sanksiya edibsə, həmin orqan vəzifə səlahiyyətlərini aşıb və bunu cinayət məqsədi ilə edib. Təkcə siyasi cinayət məqsədi ilə deyil, həm də iqtisadi cinayət məqsədi ilə görünür ki, sanksiyalaşdırılmış izləmələr olub.
Amerikanın Səsi: Beynəlxalq səviyyədə hansı tədbirlər görülməlidir ki, həqiqətən bu proqramlardan terrorizmə və cinayətkarlığın digər növlərinə qarşı istifadə olunsun?
Xədicə İsmayıl: Bilirsiniz, ümumiyyətlə bu texnologiyadan izləmə üçün istifadə məsələsi xüsusilə də 11 sentyabr olaylarından sonra vüsət aldı. Bu proqramlar varsa və hökümətin bunlara nəzarətsiz əli çatırsa, bu o deməkdir ki, onlar bundan sui-istifadə edəcəklər. Məhz buna görə, iki il öncə biz Almaniyada bir neçə xarici jurnalist, o cümlədən mən Almaniyanın Konstitusiya Məhkəməsinə müracit etdik. Xaricilərin məhkəmə qərarı olmadan izlənilməsi ilə bağlı qanunu durdurduq. Yəni, orada o qanunun işləkliyinə qadağa qoydular. Niyə? Çünki fərqi yoxdur, bu, hansı ölkədə olsun, lap demokratik cəmiyyətdə olsun, kiminsə əlində olan mütləq hakimiyyət mütləq sui-istifadə olunacaq. Mütləq hakimiyyətə nəzarət edəcək orqan lazımdır. Hansısa qurumlar lazımdır. Hansısa qanunlar lazımdır ki, bu texnologiyadan istifadəni mütləq bir neçə instansiyaladan yoxlanmasın ki, bu lazımdırmı, bu adamı izləmək lazımdırmı, bu telefon danışıqlarını dinləmək və s. Bütün bu üsullardan istifadəni məhdudlaşdıracaq nəzarətedici qurumlar və yaxud qanunlar olmalıdır. Azərbaycan qanunvericiliyində məsələ hardasa öz təsbitini tapır. Hətta çox zəruri olan dinləmə hallarında belə 48 saat ərzində prokurorluq orqanları və yaxud hər hansı istintaq orqanı dinləmədən istifadə edibsə məhkəməyə bu barədə məlumat verməlidir. Əgər, izləmə üçün ehtiyac yoxdursa, yəni, bu izləmə cinayətin açılması üçün hər hansı bir sübutun, hər hansı bir dəlilin, hər hansı bir ip ucunun verilməsinə xidmət etmirsə, onda məhkəmə bunu sanksiyalaşdırmayacaq. Yəni, Azərbaycan qanunlarına görə 48 saatdan artıq heç kimi məhkəmə qərarı olmadan izləmək olmaz. Hətta, o 48 saata görə də əvvəldən də hesabat verilmirsə sonradan hesabat verilməlidir. Amma praktikada nə görürük? Adamlar izlənilir. Telefon nömrələri dinlənilir. Bu barədə artıq Avropa məhkəməsinin qərarları var. Bu barədə artıq sübut olunmuş işlər var. Bunların heç birinə görə cəzalandırılmır. Bax, bu cəzasızlıq, yəni dövlət orqanı cinayət törədir, əslində və cəzasız qalır. Bu cəzasızlıq mühiti yığışdırılandan sonra bəlkə Azərbaycanda da sui-istifadə olmadı. Amma bu işin qaydası budur. İzləmə proqramı var. Amma ondan istifadəyə bir məhdudiyyətlər qoyacaq nəzarət sistemi də olmalıdır. Bax o nəzarət sistemi də işlək olmaldır. Qanun işlək olmalıdır. İstintaq orqanlarının səlahiyyətlərini aşmağa qoymayan müstəqil məhkəmə sistemi olmalıdır. Burada biz Azərbaycanın bütün problemlərinin kökünə gəlib çıxarıq, amma Azərbaycanda müstəqil məhkəmə sistemi yoxdur.
Amerikanın Səsi: İzləmələrə məruz qalmış Azərbaycan vətəndaşları hansı hüquqi addımlar ata bilər?
Hansısa qanunlar lazımdır ki, bu texnologiyadan istifadəni mütləq bir neçə instansiyaladan yoxlanmasın ki, bu lazımdırmı, bu adamı izləmək lazımdırmı, bu telefon danışıqlarını dinləmək və s. Bütün bu üsullardan istifadəni məhdudlaşdıracaq nəzarətedici qurumlar və yaxud qanunlar olmalıdır.
Xədicə İsmayıl: Məhkəməyə müraciət etməlidirlər. Mən bildiyim qədər edirlər. Mən yubanıram bu işdə. Çünki, mən bir addım irəlidəyəm. Artıq izləmənin sübutları var əlimdə. Ona görə mənim məhkəmə yolu ilə aparacağım araşdırma bir az fərqli olacaq. Amma mən bilirəm ki, 60-dan artıq vətəndaş cəmiyyəti fəalı və jurnalist artıq bu prosesə başlayıb. Bilirəm. Çünki, biz aramızda bu məsələni müzakirə edirik. Vəkillərin özləri də qurbandılar, həm də kömək edirlər bu işləri aparmağa. Bu proses gedir. Amma bu proses Azərbaycan şəraitində çox uzun və üzücü olur. Təəssüf ki, Avropa məhkəməsində də uzun çəkir bu işlər. Amma, artıq Avropa məhkəməsində presidentlər var. Rusiyaya qarşı bir neçə belə iş udulub. Azərbaycanda olan şikayətçilərin əlindəki sübutlar Rusiyadakı şikayətçilərin əlindəki sübutlardan qat-qat artıqdır. Mən bir şeyi də əlavə eləmək istəyirəm. Amma ki, məhkəməyə müraciət eləmək Azərbaycandakı proses yəni əlimiz qolumuz çox da açıla bilmir məhkəmə sistemində. Təəssüf ki, NSO qrup İzraildə o qədər nüfuzlu və hökümət tərəfindən dəstəklənən qurumdur. Bu məhkəmə araşdırmasını beynəlxalq bir prosesə çevirmək, elə də asan deyil. Biz indi axtarırıq onun üsullarını ki, həm bu izləmə proqramını təmin edən şirkəti, həm də izləmə proqramlarına öz yolunu açan və boşluqlar olan texnologiyaların sahiblərini deyək ki, telefon qurğuları, kompüter istehsal edən şirkətləri bir qədər daha məsuliyyətli olmağa çağıra bilək. Bu çağırış elə-belə deyil. Bunun üçün yəqin ki, xüsusi hüquqi məhkəmə araşdırması lazım olacaq və biz bu istiqamətdə də hərəkət edirik.
Xatırlatma
Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) Azərbaycanda jurnalistlərin və ictimai fəalların telefonlarının izlənməsinə dair bu il iyulun 18-də yaydığı araşdırmaya əsasən, Azərbaycan jurnalistlərinə qarşı İsrailin kiber-izləmə qurğularını istehsal edən NSO Group şirkətinin casus proqramından istifadə edilib. Sızdırılan şübhəli hədəflər siyahısında 200-dən çox şəxsin adı hallanıb.
Rəsmi Bakı bu araşdırma ilə bağlı hələ şərh verməyib.