Yüzlərlə miqrant Belarusun Polşa ilə sərhədini keçməyə çalışır

Yaxın Şərqdən miqrant olduğu bildirilən yüzlərlə insan bazar ertəsi onsuz da gərgin olan vəziyyətin ciddi şəkildə dərinləşdiyi Belarusun Polşa ilə sərhədinə yollanıb. Onlar Polşa ərazisinə keçməyə çalışsalar da, Polşa sərhədçiləri və hərbçiləri buna imkan verməyib.

Belarus hakimiyyəti onların əksəriyyətinin ölkəni tərk etdiyini bildirib. Polşa hakimiyyəti onların Polşa ilə sərhədi keçmədiklərini deyib. Onlar həm böyük bir miqrant qrupunun, həm də Polşa hərbçilərinin sərhədi qoruduğunu əks etdirən video yayımlayıblar.

Son məlumatlara görə, sərhəddə, rəsmi sərhəd-keçid məntəqəsindən uzaqda yerləşən meşəlik ərazidə toqquşma baş verib - miqrant qrupları sərhədçilərə daş atıb, qarşı tərəf isə gözyaşardıcı qazdan istifadə edib. Sərhəddə toplaşan insanlar “Almaniya!” şüarları səsləndirirək məhz bu ölkəni hədəflədiklərini nümayiş etdiriblər.

Varşava iddia edir ki, miqrantları Belarusun təhlükəsizlik qüvvələrinin silahlı nümayəndələri idarə edir. Polşa və Litvada sərhədi qorumaq üçün əlavə qüvvələrin cəlb olunduğu bəyan edilib.

Sərhədin Belarus tərəfdən olduğu iddia edilən miqrantların məftil hasarın dəliyindən keçdiyini əks etdirən video da yayımlanıb.

Bundan əvvəl sosial şəbəkələrdə sərhəd-keçid məntəqəsinə gedən magistral yolda miqrant karvanının olduğu video yayılıb. Buradan görünür ki, çoxu öz əşyaları ilə gələn miqrantları hərbi geyimli silahlı şəxslər müşayiət edib.
Bir qrup qaçqının meşədən keçərək, çox güman ki, sərhədə doğru getdiyini əks etdirən video yayımlanıb.

Belarus Dövlət Sərhəd Komitəsi miqrant karvanı ilə bağlı məlumatı təsdiqləyib. Nazirliyin bəyanatında deyilir ki, bu, qaçqınların “Polşa hakimiyyətinin laqeydliyi və qeyri-insani münasibətinin səbəb olduğu ümidsizlik addımıdır”. Xəbərdə deyildiyi kimi, “Polşa sərhədçiləri minlərlə miqrantı Belarusla sərhədə necə sıxışdırdıqları barədə dəfələrlə məlumat veriblər”. Həmçinin bildirilib ki, Belarus tərəfi “magistral yolda hərəkət edən insanların təhlükəsizliyini” təmin etmək üçün tədbirlər görür.

Miqrantların əksəriyyətinin İraq kürdləri olduğu bildirilir.

Belarus-Polşa sərhədində vəziyyət bir neçə aydır ki, Avropa İttifaqına daxil olmağa çalışan miqrantların böyük axını ilə əlaqədar çox gərgindir. Təkcə son 24 saat ərzində Polşa sərhədçiləri sərhədi qanunsuz keçməyə dair 222 cəhd qeydə alıb. Polşanın Belarusla həmsərhəd olan digər Aİ ölkələri və Avropa İttifaqının özü rəsmi Minski sərhəddəki böhranı təşkil etməkdə ittiham edir.

Sentyabr ayında Polşa hakimiyyəti hərbi qulluqçuların yerləşdiyi Belarusla sərhəddə fövqəladə vəziyyət tətbiq edib. Noyabrın 7-də “Azadlıq” radiosunun Belarus xidmətinin məlumatına görə, sərhəddə polşalı əsgərin cəsədi tapılıb. Ölümün səbəbləri araşdırılır.