Mülki şəxs Cəbrayılda minaya düşüb

Azərbaycanın mülki vətəndaşı - Xanlar Aslanov Cəbrayıl rayonunun azad edilmiş ərazisində minaya düşərək xəsarət alıb.

Azərbaycan Baş prokurorluğunun məlumatında deyilir ki, hadisə noyabrın 7-də yerli vaxtla saat 16 radələrində baş verib.

Məlumata görə, araşdırmalarla Xanlar Aslanovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Rəsmi məlumatlara görə, Ermənistan və Azərbaycan arasında 30 illik münaqişədə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli bəyanatdan bu il avqustun 11-dək həmin ərazilərdə minaya düşmələri nəticəsində 23 mülki şəxs həlak olub, 36 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rəsmi statistikaya görə, ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə isə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, bu ərazilərdə yüz minlərlə mina var.