AXCP sədrinin mühafizəçisi 13 il azadlıqdan məhrum edilib

Your browser doesn’t support HTML5

Oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm oxunub. Prosesi izləmək istəyənlər isə məhkəmə zalına buraxılmayıb. Məhkəmə iclasına yalnız Niyaməddin Əhmədovun atası buraxılıb. Polis hələ hökm oxunmazdan əvvəl altı fəalı saxlayıb. Onları şəhər kənarına aparıblar. Qalanları məhkəmə binasından uzaqlaşdırılıb. Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Niyaməddin Əhmədov özü iştirak etməyib. O, videokonfrans vasitəsilə prosesə qoşularaq son sözündə günahsız olduğunu bildirib. Niyaməddin Əhmədov CM-in 214-1 (terroru maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə təqsirli bilinib. AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olduğu söylənən Niyaməddin Əhmədov ötən il həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb. O, Almaniyada sığınacaq almış Qabil Məmmədovla əlaqədə ittiham olunur. Həm AXCP, həm də Məmmədov ittihamı rədd ediblər. Prokuror bundan əvvəlki məhkəmə iclasında ona 15 il həbs cəzası verilməsini istəyib.