Aqil Məhərrəmovun apellyasiya şikayəti təmin edilmədi
Your browser doesn’t support HTML5
Oktyabrın 7-də Bakı Apellyasiya Məhkəməsində AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovun vaxtından əvvəl cəzadan azad olunması ilə bağlı Xəzər Rayon məhkəməsinin qərarından verilmiş apelyasiya şikayəti baxılıb.
Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunmayıb. Vəkil Aqil Layic bu qərardan Ali Məhkəməyə şikayət veriləcəyini bildirib.
AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanılıb. AXCP fəalları ilə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilib.
Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur.
Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş fəalların həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.
Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə günahkar bilinib.
Bakı Ağır Cinayətlər Məhkəməsi Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovu 7 il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovu 3 il həbsə məhkum edib.
Bu cinayət işi üzrə həbs edilənlərdən Babək Həsənov bu il martın 18-də əfv olunub.
AXCP sədri Əli Kərimli ittihamı rədd edərək, bunu “qurama iş” adlandırıb.