"Bu bağdakı hər bir ağacın yarpağı mənim üçün doğmadır"
Your browser doesn’t support HTML5
"Bio Garden" Şəkinin Öyrət Kənd Bələdiyyəsinin ərazisində yerləşir və 8 hektar sahəni əhatə edir. Bu bağa həm Azərbaycanda, həm də xarici ölkələrdə yetişən müxtəlif meyvələrin tingləri gətirilib.
Uzaq Yaponiyadan, Çindən, Avropa ölkələrindən, hətta qonşu İran və Gürcüstandan burada meyvə və giləmeyvələr var. Məhsullar tam orqanikdir və onlara heç bir kimyəvi maddə, yaxud bir başqa qatqı vurulmur. Etibar Nuriyev bağa övladı kimi yanaşdığını deyir. Onun sözlərinə görə, bağda bütün meyvələrin bir neçə növü mövcüddur.
İllərdir ki, yorulmadan bu torpaqlarda işləyən fermer bağ ərazisində ailəsi ilə birgə yaşayır, bura onların ailə təsərrüfatıdır. Övladları bağa gələn qonaqları qarşılayır, həyat yoldaşı isə bağda yerləşən restoranla məşğuldur. Bağın sahibi fermer Etibar Nuriyev deyir ki, hər gün burada, təxminən, 25-30 km məsafə qət edir və bitkilərə qayğı göstərir.
“Bio Garden” adlı bağda meyvə-tərəvəzlə yanaşı həm də müxtəlif növ heyvanlar yaşayır. İt, qartal , balıq hətta qu quşu da var. Etibar Nuriyev deyir ki, bağbanların heç biri heyvanlara nəzarət etmir, onlara başqa insanlar nəzarət edir. Ərazidə, fəsildən asılı olaraq bəzən Etibar
Nuriyev ilə bərabər bağda 20-dən çox bağban işləyir. Hərəsinin də öz işi olur. Kimisi fındıq ağaclarına baxır, kimisi üzümlərə, kimisi də sitrus meyvələrinə.
Yerli turistlərin bağa daxil olması üçün qiymət 5 azn, xarici turistlər üçün isə 8 AZN-dir. Turistlər bağı gəzib istədikləri qədər ağacdan meyvələr dərə bilərlər. Dərə bilməyənlər isə müəyyən qədər ödəniş edib apara bilər.