"Tibb məntəqələrinin dəhlizi başdan-ayağa yoluxma mənbəyidir"

Your browser doesn’t support HTML5

Sentyabrın 1-dən etibarən iri ticarət mərkəzlərinə, mehmanxanalara, kafelərə, restoranlara və digər ictimai iaşə obyektlərinə giriş üçün vətəndaşlardan mütləq qaydada COVID-19 pasportu tələb olunur. Oktyabrın 1-dək iki dozadan birini qəbul etmiş şəxslər COVID-19 pasportunu təqdim etməklə ictimai iaşə obyektlərinə daxil ola bilərlər. Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Poliklinikalarda qapının üzərinə “randevu götürün” yazılır. Lakin buna baxmayaraq yenə də növbələr yaranır. Vaksin vurdurmaq üçün gələnlər poliklinikanın qarşısında canlı növbəyə də yazılır. Beləliklə, 400-500-ə qədər növbələr yazılır və sıxlıq yaranmağa başlayır. Vətəndaşlar deyir ki, tibb məntəqələrinin dəhlizi başdan-ayağa yoluxma mənbəyidir. Səhiyyə Nazirliyi də poliklinikalarda vaksin növbəsi zamanı yaşanan sıxlıqlara münasibət bildirib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Günay Quluzadə bildirib ki, növbə tənzimləmək tibb işçilərinin öhdəliyi deyil. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, oktyabrın 1-dən etibarən isə yalnız hər iki vaksin dozasını qəbul etmiş şəxslər iri ticarət mərkəzlərinin, mehmanxanaların, kafelərin, restoranların və digər ictimai iaşə obyektlərinin xidmətlərindən yararlana biləcəklər. Açıq havada fəaliyyət göstərən restoran və kafelərə giriş üçün vətəndaşlardan COVID pasportu və ya immunitet sertifikatı tələb edilmir. İctimai nəqliyyatda isə COVID-19 pasportu ilə bağlı hansısa məhdudiyyət yoxdur, sərnişinlərdən yalnız tibbi maskadan istifadə etmək tələb olunur.