146 sonra...

İyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də nəşr etməyə başladığı "Əkinçi" qəzeti ilə Azərbaycanın milli mətbuat tarixinin başlandığı deyilir.

Bu il isə "Sərhədsiz Reportyorlar" beynəlxalq qeyri-hökumət təşkilatının açıqladığı media azadlığı reytinqində 180 ölkə arasında Azərbaycan 167-ci yerdə qərarlaşıb.Rəsmilər isə bildirir ki, Azərbaycanda media azaddır və ona heç bir əngəllər yaradılmır.

Milli Məclisin deputatı Sədaqət Vəliyeva da "Turan" agentliyinə bildirib ki, müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib :

"Bu gün ölkəmizdə 5 mindən çox media subyekti var. Təsadüfi də deyildir ki, milli mətbuatın inkişafına dəstək dövlət siyasətinin prioritet istiqamətlərindən biridir".

"Yaşayış binalarının tikilib jurnalistlərin istifadəsinə verilməsi..."

Onun sözlərinə görə, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması Prezident İlham Əliyevin diqqəti mərkəzindədir :

"Media orqanlarına birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi, eləcə də dövlət başçısının mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında yaşayış binalarının tikilib jurnalistlərin istifadəsinə verilməsi mətbuata və mətbuat işçilərinə qayğının göstəricisidir".

Deputat qeyd edib ki, tez-tez dördüncü hakimiyyət adlandırılan mətbuat Azərbaycanda bir çox proseslərin şəffaflığına və hakimiyyətin üç "klassik" qolunun ( icra, qanunverici və məhkəmə orqanları) fəaliyyətinin yaxşılaşdırılmasına səbəb olur:

"Azərbaycanda insan hüquqları, siyasi plüralizm, vətəndaş cəmiyyətinin mövcudluğu demokratik institut kimi formalaşdırılmış müstəqil kütləvi informasiya vasitələrinin fəaliyyətində, onların inkişafı üçün yaradılan hüquqi təminatlarda da öz təsdiqini tapır. Eyni zamanda, milli mətbuat azad, demokratik mətbuat missiyasının, insanların düşüncəsinə, sözlərinə hörmətin, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısı olduğunu isbatlayır".

"Jurnalistlərin dostu" mükafatları...

S.Vəliyevanın fikrincə, ölkə rəhbərliyinə təqdim olunan "Jurnalistlərin dostu" mükafatları Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də bu sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümüdür:

"Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar. Mətbuat işçiləri ilə təşkil olunan görüşlər, habelə institusional təşəbbüslər mətbuatın davamlı inkişafına səbəb olub".

O, vurğulayıb ki, 44 günlük Vətən müharibəsində (İkinci Qarabağ müharibəsi) və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu, jurnalistlərin fəaliyyəti əvəzolunmaz idi.

Media məsələləri üzrə ekspert Xalid Ağalıyev isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan ötən bir ilin yarıya qədərini müharibə ovqatında yaşayıb:

"Yerdə qalan yarım ildən bir qədər artıq dövrdə mediada elə bir təməl hadisə baş verməyib ki, onu qiymətləndirəsən. Bir neçə ildir müəyyən gözləntilər vardı ki, köklü dəyişikliklər olacaq, azad medianın fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına yönəlik addımlar atılacaq. Ancaq bu gözləntilər özünü hələ ki, doğrultmur".